İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunun açılış mərasimi keçirilib.

Offsideplus.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun qapalı meydançasında təşkil olunmuş tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov, AFFA-nın baş katibi Sərxan Hacıyev, Milli Məclisin deputatları Aqil Abbas və Mahir Abbaszadə, "Sabah" klubunun idman direktoru İqor Ponomaryov, Vətən müharibəsi iştirakçısı Ramin Yunusov ilə Daşqın Əziz və digər şəxslər iştirak ediblər.

İlk olaraq yarışın Təşkilat Komitəsinin üzvü Mehman Süleymanov tədbir iştirakçılarını salamlayıb. O, turnirdə 12 komandanın iştirak etdiyini xatırladıb: "Komandaların hər biri işğaldan azad olunmuş bölgələri təmsil edir. Yarış İAM və ETOPAZ-ın 10 illik yubileyi münasibəti ilə təşkil olunur. Final matçı isə mərhum jurnalist Elnur Əşrəfoğlunun doğum gününə təsadüf edəcək. Bundan əlavə, yarış bir sıra əlamətdar günlərə də təsadüf edir".

Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İAM-ın sədri Elşən Məmmədov belə bir formatda ilk turnirin ötən il özünün də İdarə Heyətində təmsil olunduğu Azərbaycan İdman Jurnalistləri Federasiyasının təşkilatçılığı ilə gerçəkləşdiyini xatırladıb: "Bu il turnirimiz Zəfər Kuboku adlanır. Kimin təşkil etməsindən asılı olmayaraq, bu format yaşamalıdır. Çünki komandalar işğaldan azad olunmuş ərazi vahidlərini təmsil edir, üstəlik, iştirakçı sayı daha da artır. Bütün bunlar yarışa olan böyük maraqdan xəbər verir. Komandaların forma nömrələri işğaldan azad olunmuş ərazilərin avtomobil seriyalı olsa da, Xocalı rayonu avtomobil seriyaları arasında yoxdur. Tədbirimizə qatılan səlahiyyətli şəxslərdən xahiş edərdim ki, bu məsələnin həllinə yardımçı olsunlar".

Nazirlik rəsmisi Elnur Məmmədov yüksək təşkilatçılığa görə İAM-a təşəkkür edib: "Ümid edirəm ki, turnir hər il keçiriləcək. İAM həmişə təşkilatçılığı ilə seçilib. Azərbaycanlılar sağlam həyat tərzini və idmanı sevirlər. Bu, mediada da özünü göstərir. Biz 30 il ərzində baş verənləri unutmadıq, unutmamalıyıq Xocalə ilə bağlı məsələni çatdırmağa çalışacağıq. Elnur Əşrəfoğlunun doğum günündə finalın olması gözəl təşəbbüsdür. Əvvəlki idman yarışlarına və futbol oyunlara baxanda onu xatırlayırıq. Allah Elnura rəhmət eləsin. Onu qəlblərdə yaşatdığınız üçün təşəkkürümü bildirirəm. Allah şəhidlərə rəhmət eləsin, qazilərə cansağlığı versin".

MEDİA-nın rəhbəri Əhməd İsmayılov belə bir tədbirə dəvət almalarına sevindiklərini söyləyib. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı medianın fəaliyyətinə də diqqət çəkib. O, media nümayəndələrinin Zəfər Kubokuna da fəal qoşulduqlarını vurğulayıb: "Komandaların işğaldan azad olunmuş bölgələrin adlarını daşıyırlar. Bu, sevindiricidir. Zəfərimizin mahiyyətini və qələbəni gələcək nəsillərə çatdırmalıyıq. Komandalara uğurlar arzulayır, təşkilatçılara təşəkkür edirəm".

Milli Məclisin deputatlarından Aqil Abbas Qarabağın rayonlarının adlarını daşıyan futbol klublarının da olmasını arzuladığını söyləyib: "Hazırda Azərbaycan Premyer Liqasında 8, jurnalistlərin turnirində isə 12 komanda var. Biz Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib gəldik. İndi də Zəfər Kubokunun qalibini görəcəyik".

Digər deputat Mahir Abbaszadə isə bu turnirdə özünün də Milli Məclisdə təmsil etdiyi Laçının olduğunu xatırladıb: "Həm Qarabağ, həm də Şərqi Zəngəzurda böyük idman obyektləri tikiləcək. Oradan reportajlar və xəbərlər hazırlayacaqsınız. Bəlkə də 3-4 il bundan əvvəl belə tədbirlər keçirə bilmirdik. Keçirsək də, ürəyimizcə olmurdu. Hamınıza qarşıdakı oyunlarda uğurlar arzulayıram".

İqor Ponomaryov isə yarışın əhəmiyyətindən söz açıb və bütün komandalara uğurlar arzulayıb: "Artıq ikinci ildir möhtəşəm turnirin açılış mərasimində iştirak edirəm. Dəvətə görə təşkilatçılara minnətdarlığımı bildirir, iştirakçı komandalara uğurlar diləyirəm. Zəfər Kuboku adı ilə keçirilməsinin çox böyük önəmi var. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində bu gün belə bir yarış keçiririk. Media nümayəndələrinə də təşəkkür edirəm ki, təkcə qələmləri ilə yox, təşkilatçılıqları və gözəl oyunları ilə nəyə qadir olduqlarını göstərirlər".

Son olaraq Vətən müharibəsi qaziləri Ramin Yunusov və Daşqın Əziz çıxış edərək komandalara uğurlar arzulayıblar və Zəfər Kubokunu açıq elan ediblər. Dövlət Himninin səslənməsindən sonra Aqil Abbas və Ramin Yunusov topa rəmzi toxunuş ediblər. Bundan sonra isə Zəngilan və Ağdam komandaları arasında açılış matçı başlayıb.

Qeyd edək ki, Zəfər Kuboku Azərbaycanın ilk onlayn qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu, "Kəhriz su"nun və “Traumotology Orthopedic Center”in (TOC) tərəfdaşlığı, "Report" agentliyinin informasiya dəstəyi ilə gerçəkləşir.