Aqil Paşayev 1947-ci il mayın 1-i dünyaya gəlib. Ötən əsrin sonlarında Azərbaycan futbolunun flaqmanı olum-ölüm dövrünü yaşayırdı. Komanda dağılmaq təhlükəsi ilə üz-üzə idi. 1997-ci ildə Aqil müəllim sevimli “Neftçi”mizi bu bəladan qurtardı, klibun sükanı arxasına keçdi. Az müddət ərzində komanda nəinki bağlanmaq təhlükəsindən xilas oldu, hətta, çətin mübarizələrdən keçərək iki il sonra ölkə kubokunun qalibi oldu, Azərbaycanı UEFA kubokunda təmsil etmək hüququ qazandı.
Aqil Paşayev düz dörd il – 2001-ci ilə qədər “Neftçi” Peşəkar Futbol Klubunun prezidenti missiyasını şərəflə yerinə yetirərək futbol tariximizdə silinməz izlər qoydu.
Azərbaycan xalqının dəyərli oğlu, təəssüf, cəmi 58 il ömür sürdü, 2005-ci ildə haqqın dərgahına qovuşdu. Amma adı, xeyirxah əməlləri hər zaman hörmətlə anılır, xatırlanır.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası idman jurnalistləri və “Neftçi” komandası veteranları arasında Tofiq Bəhramov adına Respublika Stadionunda keçirdiyi yoldaşlıq görüşü anadan olmasının 75 ili tamam olan bu vətənpərvər, xeyirxah insanın – Aqil Mir Cəlal oğlu Paşayevin əziz xatirəsinə həsr olunub.
Yarış üçün bu stadion əbəs yerə seçilməyib. Aqil Paşayevin “Neftçi”yə rəhbərlik elədiyi 1997 – 2001-ci illərdə komanda oyunlarını burada keşirib. Yoldaşlıq qarşılaşmasında iştirak edən veteranların geyimi də “Neftçi”nin həmin illərdəki formasının eyni kimi xüsusi hazırlanıb və üzərinə tədbirin təşkilatşısı AİJA-nın, sponsoru “Full”un loqoları və “Aqil Paşayev 75” sözləri həkk olunub.
Yubilyarın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra oyunun baş hakimi, FİFA referisi Tahir Süleymanov start fiti çalıb.
"Neftçi"nin heyətində Elxan Həsənov, Emin Ağayev, İqor Getman, Rəşad Sadıqov, Samir Abbasov, Elmar Baxşiyev, Mahmud Qurbanov, Ceyhun Sultanov, Qurban Qurbanov, Nazim Süleymanov, Bəxtiyar Musayev, Vadar Nuriyev, Mehman Yunusov, Seymur Rəhimov, Aftandil Hacıyev, Samir Əliyev, Zaur İsmayılov, Rəşad Abdullayev kimi tanınmış veteran futbolçular meydana çıxıb. “AİJA Media”da isə Ramiz Mirzəzadə, Emin Abbasov, Asəf Zeynallı, Tural Məmmədli, Səbuhi Səfiyarlı, Mahal Məmmədov, Teymur Maqsudov, Sərxan Abışov, Fərid Ramazanov, Gündüz Abbaszadə, Ümid Süleymanov, İsmayıl Abdullayev, Xanoğlan İmanov, Mehman Rəsulov, Ramin Allahverdiyev, Faiq Tahirov, Elvin Rüstəmov, Kənan Həsənov oynayıb.
Gərgin mübarizə şəraitində keçə qarşılaşma 3:2 hesabı ilə "Neftçi" veteranlarının qələbəsi ilə yekunlaşıb. FİFA referisi Tahir Süleymanov, Sabir Hacıyev və Azad Hüseynovdan ibarər hakimlər briqadasının idarə etdiyi oyunda "Neftçi"dən Nazim Süleymanov, Qurban Qurbanov, Samir Əliyev, “AİJA Media”dan isə Xanoğlan İmanov və İsmayıl Abdullayev fərqləniblər.
Oyunun sonunda “AİJA Media”nın kapitanı, qazi Mahal Məmmədov penalti zərbəsindən istifadə edə bilməyib.