"Azərbaycan Azarkeşlər Birliyi" tərkibinə daxil olduğu fan klubların adından Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ünvanlayıb.
Offsideplus.az həmin müraciəti sizə olduğu kimi təqdim edir:
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət:
Bildiririk ki, hazırda COVİD-19 virusunun Azərbaycan ərazisində yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərərgahın qərarlarına uyğun olaraq Azərbaycan Respublikası ərazisində rəsmi futbol oyunları azarkeşsiz keçirilməkdədir. Bu hal 2019-2020-ci il mövsümünün ikinci dövründən etibarən ölkə daxilində azarkeşlərin ən çox marağına səbəb olan Azərbaycan Premyer Liqasına və Azərbaycan Kuboku oyunlarına da şamil edilməkdədir. Virusa yoluxan şəxslərin statistikasında azalmanı və ölkə boyu vaksinləmə prosesinin başlamasını nəzərə alaraq, azarkeşlərin oyunlarda iştirakını limitli şəkildə belə olsa, bərpa edilməli olduğunu düşünürük. Yaxın beş il ərzində oyunların statistikasına baxdıqda orta hesabla hər turda keçirilən oyunlarda iştirak edən azarkeş sayının 500 nəfər olduğunu görmək olar. Stadionların azarkeş tutumunun 20 faizini təşkil etməklə həyata keçirilə bilər. Bunun üçün təklif edirik ki, oyundan öncə azarkeşlərin istiliklərinin yoxlanılması, tibbi maskadan istifadə olunma, ara məsafəsinin gözlənilməsi şərti ilə yoluxma riskini azaltmaq və azarkeşlərin iştirakını təmin etmək olar. Stadiona buraxılacaq şəxslərin kimliyi öncədən futbol klubları və azarkeş qrupları ilə razılaşdırılmaqla həyata keçirilə bilər. Stadionlarda oturacaqların açıq havada yerləşdiyini, sadalanan görüləcək tədbirlərdən sonra yoluxma riskinin ictimai nəqliyyatda və ya kafe-restoranlarda virusa yoluxma riskindən daha az olacağını nəzərə alsaq azarkeşlərin də stadiona buraxılmasının adekvat addım olacağını düşünürük.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Bozqurd” (Turan Tovuz FK), “Forza Neftçi” (Neftçi PFK), “Xəmsə” (Kəpəz Gəncə PFK), “İmarət” (Qarabağ FK), “Kimyaçılar” (Sumqayıt FK), “Qarabağ Ordu” (Qarabağ FK), “Old Wolf” (Keşlə FK), “Red-black Army” (Qəbələ FK), “Sector 11” (Milli komanda), “Yenilməz Batalyon” (Zaqatala FK) azarkeş qruplarının adından ölkə üzrə mövcud futbol turnirlərinin azarkeşlərin iştirakı ilə keçirilməsinin təmin edilməsini sizdən xahiş edirik.