Bu gün Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin xatirə günüdür.
Offsideplus.az xəbər verir ki, ölkəmizin yetişdirdiyi ən güclü futbolçularından sayılan dünya şöhrətli hücumçu yaşasaydı, bu gün 79 yaşını qeyd edəcəkdi.
1946-cı ildə Bakıda doğulan A.Banişevski bütün karyerası ərzində "Neftçi" klubuna sadiqliyi ilə tanınıb. Ona digər komandalardan cəlbedici təkliflər gəlsə də, flaqmandan ayrılmayıb, ilk gündən sonadək Bakı təmsilçisində çıxış edib. 1963-cü ildə peşəkar karyerasına başlayan futbolçu 3 il sonra SSRİ çempionatının bürünc medallarını qazanıb.
Qeyri-adi istedada malik hücumçu SSRİ yığmasına da dəvət alıb. O, 1965-72-ci illərdə bu komandanın heyətində 50 oyuna 19 qol vurub. SSRİ yığmasındakı 3-cü oyununda Yunanıstanla matçda het-trikə imza atan A.Banişevski 1 dəfə dünya (1966-cı il) və 2 dəfə Avropa çempionatında (1968-ci il və 1972-ci illərdə) iştirak edib. Sonuncu yarışda qitə birinciliyinin gümüş mükafatına layiq görülüb.
Onun 21 noyabr 1965-cı ildə "Marakana" stadionunda Braziliya milli komandasına vurduğu qol isə indiyədək yaddaşlardan silinməyib. Bu, SSRİ futbolçularının dünya çempionlarının qapısına Braziliyada vurulan ilk qol kimi tarixdə qalıb. A.Banişevskinin başla tora göndərdiyi top FIFA-nın o vaxtkı prezidenti Joao Avelanjın da təəccüblü reaksiyasına səbəb olub.
Təəssüf ki, futbolumuzun əfsanəsi məşqçilik karyerasında uğursuzluqla üzləşib. O, futbolçu karyerasını bitirdikdən sonra cəmi 2 komandada baş məşqçi funksiyasını yerinə yetirib: Mingəçevirin "Avtomobilçi" klubu (1981-82-ci illər) və Burkino-Faso olimpiya yığması (1987-88-ci illər).
Anatoli Banişevski 1997-ci il dekabrın 10-da Bakıda vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.