Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Şimal Şərq Regional Liqasında mövsümün qalan matçlarını buraxacaq.

Offsideplus.az xəbər verir ki, bunu “Dinamo”nun futbolçusu özü açıqlamasında deyib.

XXVII turda “Halberstadt”la (4:2) qarşılaşmada zədələnən 26 yaşlı forvard sol dizinin daxilində çat aşkarlandığını söyləyib. Həkimlər onun 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıblar. Berlin klubunun liqada son matçını mayın 12-də keçirəcəyini nəzərə alsaq, Dadaşovun çempionatı başa vurduğunu söyləmək olar.

Ancaq o, mayın 21-də keçiriləcək Berlin kubokunun finalında son dəfə “Dinamo”nun formasını geyinmək arzusundadı: “Ümid edirəm ki, final görüşünə qədər sağalaram. Həmin matça yetişmək üçün əlimdən gələni edəcəm. Çünki “Dinamo”nu titulla tərk etmək niyyətindəyəm”.

“Dinamo” Berlin kubokunun yarımfinalında aprelin 18-də “Tennis Borussiya” ilə qarşılaşacaq.

Qeyd edək ki, Rüfət Dadaşov mövsüm başa çatdıqdan sonra III Bundesliqa klubu “Proyssen”ə qoşulacaq.