“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində “Barselona” ilə qarşılaşmanı və komandasının oyununu dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, litvalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında futbolçularının rəqibin sürətli oyunu qarşısında göstərdiyi səylərdən danışıb.

Dambrauskas komandasının görüşə yaxşı başladığını və ilk hissədə rəqibin hücum imkanlarını məhdudlaşdırmağa çalışdığını bildirib:

“Oyundan əvvəl də demişdim ki, bacardığımızın ən yaxşısını etməli və meydanda bütün gücümüzü ortaya qoymalıyıq. Qarşılaşmaya yaxşı başladıq, ilk hissədə rəqibə boş zonalar verməməyə çalışırdıq. Mən meydanın kənarında oyunu ən yaxından izləyən şəxsəm. Rəqibin ötürmələrini, hərəkətlərini və topun hansı sürətlə irəlilədiyini görürdüm. Futbolçularımın boşluqları bağlamaq və rəqib oyunçuları qarşılamaq üçün nə qədər enerji sərf etdiyini, meydanda hansı çətinliklərlə üzləşdiyini təsəvvür edə bilirdim”.

Baş məşqçi komandasının da qol vurmaq üçün imkanlar əldə etdiyini, lakin bunlardan yararlana bilmədiklərini qeyd edib:

“Əlbəttə, bizim də qol fürsətlərimiz olacaqdı. Heç bir komanda meydana məğlub olmaq üçün çıxmır. Standart vəziyyətlərdən bir neçə təhlükəli epizod yaratdıq, amma bu, kifayət etmədi. Mövqeli hücumlarda isə demək olar ki, istədiyimizi edə bilmədik. Bununla belə, müsbət məqamlarımız da var. Bu oyundan nəticə çıxarıb öyrəndiklərimizi gələcəkdə yerli çempionat matçlarında tətbiq edə bilərik”.

Qeyd edək ki, “Sabah” – “Barselona” görüşü İspaniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.