“Barselona”nın futbolçusu Qavi Bakıda keçirdikləri oyun və səfər təəssüratları barədə danışıb.
Offsideplus.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi əvvəlcə hava şəraiti və meydançanın vəziyyətinin ideal olmadığını bildirib:
“Meydança çox da yaxşı vəziyyətdə deyildi, bir az quru idi. Amma buna həmişə alışmaq lazımdır. Bu, futboldur və heç vaxt bəhanə ola bilməz. Zəif başlasaq da, getdikcə yaxşılaşdıq və əla oyun keçirdik. Əvvəlcə bir az çətinlik çəkdik, amma sonra ritmimizi tapdıq və sonda qalib gəldik”.
Qavi az oyun şansı qazanan futbolçuların da meydana çıxdıqları zaman öz səviyyələrini göstərməli olduqlarını vurğulayıb:
“Baş məşqçi həmişə deyir ki, hər futbolçu öz vaxtında vacibdir. Mövsüm uzundur, hər oyunçu öz rolunu dəqiq bilməli və komandanın titul qazanmasına daim kömək etməlidir. Sonda əsas olan da budur”.
O, Bakıya səfərdən məmnun qaldığını və burada “Barselona”ya böyük azarkeş marağı olduğunu qeyd edib:
“Düzü, çox xoş oldu. Burada “Barsa”nın çoxlu azarkeşi olduğunu gördük. İnsanların sevgisini görmək bizi həmişə çox sevindirir və buna görə çox xoşbəxtik”.


