“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”la görüşün çətin keçdiyini və Bakı təmsilçisinin risk etmək üçün əlverişli mövqedə olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, almaniyalı çalışdırıcı bu fikirləri matçdan sonra təşkil olunan mətbuat konfransında səsləndirib.

Flik qarşılaşmanın gedişindən və komandasının qazandığı nəticədən razı qaldığını deyib. O, “Sabah”ın təzyiq altında olmadan oynadığını xüsusi vurğulayıb:

“Belə oyunlarda qələbə qazanmaq asan deyil. Çünki rəqibin itirəcəyi heç nə yox idi. Onlar yalnız sürpriz edə bilərdilər. Matç ərzində topa sahibolma göstəricimizin 70 faizdən çox olduğunu düşünürəm”.

“Barselona”nın çalışdırıcısı komandasının oyun zamanı buraxdığı səhvlərə də toxunub. Onun sözlərinə görə, xüsusilə ikinci hissədə qapılarında gördükləri qol diqqətsizlikdən irəli gəlib:

“Məni narahat edən əsas məqam sadə səhvlərə yol verməyimizdir. Belə səhvlərin qarşısını almalıyıq. İkinci hissədə buraxdığımız qol da məhz bunun nəticəsi idi. Bu, oynamaq istədiyimiz futbol deyil və üzərində işləməli olduğumuz məqamlar var”.

Flik fasilədən sonra komandasının oyununu sürətləndirməsini və qısa müddətdə üç dəfə fərqlənməsini müsbət qiymətləndirib.

Almaniyalı mütəxəssis “Sabah”ın çıxışını da yüksək dəyərləndirib. O, Azərbaycan klubunun oyun fəlsəfəsini və cəsarətli futbolunu xüsusi qeyd edib:

“Çempionlar Liqası dünyanın ən nüfuzlu klub turniridir və ‘Sabah’ burada yaxşı iş görür. Baş məşqçinin topla oyuna dair aydın fəlsəfəsi var. Komanda cəsarətli və keyfiyyətli futbol sərgiləyir. Bəzi epizodlarda bizə çətinlik yaratdılar. Buradan üç xalla ayrıldığımız üçün şadam. ‘Sabah’a və klubda çalışan hər kəsə uğurlar arzulayıram. İnkişafı davam etdirmək çox vacibdir. Burada gördüklərim onların bu istiqamətdə yaxşı çalışdığını göstərir”.

Qeyd edək ki, “Sabah” – “Barselona” qarşılaşması İspaniya klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.