"Kağız üzərində hər nə qədər "Nyukasl"favorit sayılsa da, Qarabağ bu oyuna məğlub olmaq üçün çıxmayacaq".

Bu sözləri Offsideplus.az saytına açıqlamasında Ağdam təmsilçisinin keçmiş mətbuat katibi Nurlan İbrahimov deyib.

O, “Qarabağ”ın Bakıda İngiltərə təmsilçisi “Nyukasl”a qarşı keçirəcəyi UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Bir məqam var ki, Azərbaycan futbolunun ən önəmli qarşılaşmalarından biri ərəfəsində "Qarabağ"mental baxımdan oyuna tam hazır olmayacaq. Bunu komandanın baş məşqçisi Qurban Qurbanov da son oyundan sonra vurğulayıb. Təxirəsalma məsələsinin uzanması və Qubadakı meydança amili ilə bağlı müzakirələr komandanın psixoloji hazırlığına təsir göstərə bilər.

"Nyukasl"ın premyer-liqada işləri yaxşı getmir. Uzun illərdən sonra Çempionlar Liqasında bu mərhələyə yüksəliblər və mövsümü xilas etmək üçün bu turnir onlar üçün son şans sayıla bilər. Hətta növbəti mövsümdə Çempionlar Liqasından kənarda qalmaq ehtimalları da yüksəkdir. Buna görə də ‘sağsağanlar’ üçün bu oyun böyük əhəmiyyət daşıyır.

İbrahimov bildirib ki, rəqibin güclü olmasına baxmayaraq, "Qarabağ"ın da şansı var: "Heyət və potensial baxımından "Nyukasl" İngiltərə Premyer Liqasında daha yüksək yerlər üçün uyğun komandadır. Xüsusilə cinah oyunçuları çox sürətlidir. Hücum xəttində isə İsaakın Liverpul transferindən sonra əvvəlki sabitlik hiss olunmur. Bununla belə, komandanın rotasiya imkanları genişdir. Şərtlər nə qədər "Nyukasl"ın xeyrinə olsa da, idman xoşbəxtliyi bir qədər ‘Qarabağ’ın yanında olsa, daha bir möcüzə baş verə bilər. Pley-off mərhələsinin möcüzəsi içində yeni bir möcüzə yaşana bilər”.

Qeyd edək ki, görüş bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionu start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə keçiriləcək.