“Bavariya”nın futbolçusu Robert Levandovski Bundesliqanın 18-ci turunda “Şalke” ilə matçda (4:0) 3 rekorda imza atıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu qarşılaşmanın 54-cü dəqiqəsində fərqlənməklə bu mövsüm vurduğu qolların sayını 23-ə çatdırıb. Polşalı oyunçu çempionatın 18 matçından sonra 23 qol həddinə çatan ilk futbolçu kimi tarixə düşüb.
Həmçinin Levandovski ardıcıl 8 səfər görüşündə rəqibin qapısına zərbə vurmağı bacaran ilk futbolçu olub. Polşalı futbolçu “Şalke” ilə ardıcıl 11 oyunda fərqlənib. Bu nəticə də Bundesliqa üçün rekord hesab edilir.
Qeyd edək ki, “Bavariya” hazırda turnir cədvəlində 42 xalla liderdir.