Paytaxt Bakıda voleybol məşqçiləri üçün beynəlxalq texniki kursa start verilib.

Offsideplus.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondu və Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi, Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə baş tutan Level-3 kursu ölkəmizdə bütün idman növləri arasında ilk dəfə keçirilir.

Açılış mərasimində AVF-nin vitse-prezidenti Faiq Qarayev, MOK-un Beynəlxalq proqramlar idarəsinin əməkdaşı Ceyhun Rəhmanov, AVF-nin Beynəlxalq əməkdaşlıq üzrə meneceri Nərgiz İsmayılova, FIVB-nin almaniyalı məşqçi-instruktoru Peter Nonnenbroix və rumıniyalı Dan Girleanu iştirak ediblər.

Tədbirdə çıxış edən Faiq Qarayev FIVB-nin təşkil etdiyi layihənin böyük əhəmiyyətə malik olduğunu bildirib. O, bu kursların yerli məşqçilərin yetişməsinə və beynəlxalq səviyyəyə yüksəlməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Ceyhun Rəhmanov ölkəmizdə müxtəlif idman növləri üzrə mütəmadi olaraq beynəlxalq kursların təşkil olunduğunu bildirib. O, əlavə edib ki, MOK idmanın, eləcə də voleybolun inkişafına xidmət edən beynəlxalq kursların təşkilini davam etdirəcək.

Kursun təlimçiləri Peter Nonnenbroix və Dan Girleanu çıxışlarında Azərbaycanın idman ölkəsi olduğunu və burada bütün idman növlərinin inkişafına böyük diqqət yetirildiyini vurğulayıblar.

Ümumilikdə 14 nəfərin iştirak etdiyi seminara yerli məşqçilərlə yanaşı, İran və Malayziyadan gələn mütəxəssislər qatılıblar. Kursun rəhbəri almaniyalı Peter Nonnenbroix, ikinci təlimçi isə ölkəmizdə bundan əvvəl də qonaq olmuş (2019-cu ildə FIVB Level-2 kursuna rəhbəri etmiş) rumıniyalı Dan Girleanudur. Seminar nəzəriyyə və təcrübədən ibarət olacaq.

Qeyd edək ki, kurs noyabrın 22-dək davam edəcək. Həmin gün imtahan təşkil olunacaq. İmtahanın nəticələrinə uyğun olaraq bu mərhələni uğurla keçəcək mütəxəssislərin adları bəlli olacaq və onlar FIVB-nin ən yüksək sertifikatını alacaqlar.