Serbiyanın "Partizan" klubu baş məşqçi Xoan Penarroya ilə uzunmüddətli müqavilə imzalayıb. İspaniyalı mütəxəssisin yeni sözləşməsi 2028/29 mövsümünün sonuna qədər qüvvədə olacaq.
Offsideplus.az xəbər verir ki, klubun İdarə Heyəti bu barədə qərarı təsdiqləyib. Rəhbərlik bildirib ki, müqavilənin uzadılması "Partizan"ın ənənələrinə uyğun nəticələr əldə etmək üçün rəhbərlik və məşqçi heyətinin ortaq məqsədini əks etdirir.
Penarroya ötən ilin dekabrında "Partizan"ın sükanı arxasına keçib və komandanı ABA Liqasının finalına çıxarıb. Hazırda ciddi şəkildə yenilənmiş heyətlə "Partizan" EuroLeague-də 7 qələbə və 6 məğlubiyyətlə pley-in zonasına yaxın mövqedə qərarlaşıb. ABA Liqasında isə komanda 6 qələbə və 1 məğlubiyyətlə çıxış edir.
Penarroya məşqçi karyerasına 2006-cı ildə başlayıb. O, daha əvvəl "Andorra", "Manresa", "Valensiya", "Baskoniya" və "Barselona" kimi klublarda çalışıb. 2020 və 2021-ci illərdə "San Pablo Burqos"un baş məşqçisi kimi ardıcıl iki dəfə Basketbol Çempionlar Liqasının qalibi olub, həmçinin 2021-ci ildə FIBA Qitələrarası Kubokunu qazanıb.


