NBA, FIBA və Türkiyə Basketbol Federasiyası avqustun 26-dan 29-dək İstanbulda keçiriləcək "Basketball Without Borders Next Up" düşərgəsində dünyanın müxtəlif ölkələrindən olan 80 ən perspektivli gənc basketbolçunu bir araya gətirəcək. İştirakçılar tanınmış NBA və FIBA məşqçiləri, eləcə də oyunçularının rəhbərliyi altında fərdi bacarıqlarını inkişaf etdirəcək, atletik testlərdən keçəcək, 3x3 və 5x5 formatında oyunlarda qüvvəsini sınayacaqlar.
Offsideplus.az xəbər verir ki, düşərgədə "Klivlend Kavalers"in baş məşqçisi Keni Atkinson, NBA əfsanəsi Vlade Divac, keçmiş NBA və İtaliya millisinin oyunçusu Danilo Qallinari, 2021-ci ilin NBA çempionu Bruk Lopes ("LA Klippers"), üçqat NBA ulduzu və 2021-ci ilin çempionu Kris Middlton ("Vaşinqton Vizards"), həmçinin 2023-24 mövsümünün NBA Ən Yaxşı Müdafiəçi İkinci Simvolik Yığmasının üzvü Ceylen Sags ("Orlando Magic") iştirak edəcək. Düşərgəyə qatılacaq oyunçuların və əlavə məşqçilərin adları tədbirə yaxın açıqlanacaq.
Bu düşərgə "Basketball Without Borders" proqramının 25 illik yubileyinə təsadüf edir və proqramın yeni formatda ilk tədbiri olacaq. Layihə çərçivəsində ABŞ-dan kənarda olan ən yaxşı 80 oğlan və 80 qız basketbolçu seçilərək gələcəkdə BWB Ulduzlar düşərgəsində iştirak etmək imkanı qazanacaq. Qızlar üçün ilk BWB Next Up düşərgəsi isə 2026-cı ilin payızında keçiriləcək.


