AFFA-nın inzibati binasında Azərbaycan Premyer Liqası və I Liqa klublarının azarkeşlərlə və əlilliyi olan azarkeşlərlə əlaqələndirici şəxsləri ilə görüş keçirilib.
Offsideplus.az xəbər verir ki, tədbirdə Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları müxtəlif mövzular ətrafında müzakirələr aparıblar. Toplantıda ötən mövsümün hadisələri, cari mövsüm üçün planlar, Avropa Futbol Azarkeşləri təşkilatının klub nümayəndələrinə verdiyi tövsiyələr, azarkeşlərlə əlaqələndirici şəxslərin (SLO), təhlükəsizlik rəhbərlərinin və hüquq-mühafizə orqanlarının qarşılıqlı koordinasiyası müzakirə mövzusu olub.
Bundan başqa, 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku və I Liqa yarışlarının Əsasnaməsinə əlavə edilmiş “Azarkeşlərin davranış qaydaları”na dair bəndlər də diqqətə çatdırılıb.
Görüş zamanı DİN, AFFA və PFL nümayəndələri də iştirak edərək, azarkeşlərlə əlaqələndirici şəxslərdən gələn suallara cavab veriblər.