"Qarabağ" dünən Çempionlar Liqasının II təsnifat mərhələsində "Linkoln"u məğlub etdi - 2:0.
Bu, Ağdam təmsilçisinin mövsümlərarası fasilədən sonra ilk rəsmi matçı idi. Oyunda xırda çatışmazlıqlar görünsə də, ümumilikdə Qurban Qurbanovun kollektivi yaxşı çıxış etdi. Matçla bağlı düşüncələrini öyrənmək üçün Aslan Kərimovla əlaqə saxladıq. Mütəxəssis Offsideplus.az-a açıqlamasında "köhlən atlar"ın oyununu dəyərləndirdi:
"Öncəliklə, onu demək olar ki, "Qarabağ" rəqibindən daha güclü idi. Komandamız bütün kompanentlərdə, xüsusən də sürətdə rəqibini üstələyirdi. Qol imkanlarımız oldu, istifadə edə bilmədik, amma ümumilikdə 2:0 hesablı qələbə mərhələ adlamaq üçün yaxşıdır. Düşünürəm ki, Bakıda ən azı bu hesabla rəqibimizi məğlub edəcəyik".
Kərimov futbolçular arasındakı xırda anlaşılmazlığı normal hesab edir:
"Düzdür, futbolçular arasında müəyyən qədər anlaşılmazlıq olsa da, bu, başadüşüləndir. Çünki böyük fasilələrdən sonra belə xırda problemlər yaranır. Dünya praktikasında da buna rast gəlmək olar. Bu kimi amillər mövsümün əvvəli üçün normal sayılır. 2-3 oyundan sonra futbolçular öz formalarını tam şəkildə bərpa edəcək. Uzunmüddətli məşqlərdən sonra özünü gümrah hiss etmək asan məsələ deyil".