"Kəpəz"in futbolçusu Mate Kvirkviya Misli Premyer Liqasının VIII turunda “Sumqayıt”a qarşı matç barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi  klubun mətbuat xidmətinə açıqlamasında 0:0 hesabı ilə başa çatan oyunu dəyərləndirib:

"Çempionatda son oyunumuz olduqca gərgin alındı. Doğrusu, bunu öncədən də bilirdik və başa düşürdük ki, bizi asan görüş gözləmir".

O əlavə edib ki, turnir cədvəlindəki vəziyyətə görə oyun 6 xallıq qarşılaşma kimi olacaq: "Qələbə qazana bilərdik. Çünki yaxşı qol imkanlarımız oldu. Amma hücumları dəqiqliklə başa çatdıra bilmədik. Rəqibdən üstün oynamağımıza baxmayaraq qol vurmaq qismət olmadı. Gələcəyə baxmalıyıq".

“Sumqayıt” ilə matçın sonlarına doğru Matenin ötürməsindən sonra komanda yoldaşı Şuaybu qol vurmağa yaxın olsa da, rəqib müdafiəçi təhlükəni sovuşdurmağı bacarıb. Gürcüstanlı legioner deyir ki, futbolda belə şeylər çox olur və indi buna görə təəssüflənməyə dəyməz: "Həmin epizodda qol vura bilsəydik, əla olardı. Amma alınmadı. Ruhdan düşməyə dəyməz, gəlin razılaşaq ki, hər təhlükəli vəziyyət qolla nəticələnmir. Ona görə biz futbolçular üçün bunu başa düşmək çətin deyil”.

Mate həmyerlisi Giorgi Kantariyanın 11 metrlik cərimə zərbəsindən fərqlənə bilməməsinə də toxunub: “Yenə deyirəm, alınmayanda alınmır (gülür). Giorgi qol vurmaq üçün əla şans qazanmışdı. Bunu bəxtsizliklə də bağlamaq olar. Qarşıdakı oyunlarda qol vurmaq üçün imkanlar çox olacaq. Çalışıb ələ düşən fürsətləri maksimum şəkildə dəyərləndirməliyik".

Kvirkviya azarkeşlərin onlara isti münasibətindən də danışıb: “Gəncədə futbolun necə sevildiyini yaxşı bilirəm. Hələ bura gəlməmişdən əvvəl, transfer xəbərim çıxan kimi sosial şəbəkələrdə çoxlu sayda azarkeş mesaj yazıb xoş sözlərini çatdırdılar. Yaxşı mənada şəhərdə futbola fərqli münasibət var. Bu, bizi sevindirir. Fanatların sevgisini qazanmışıq. Bunun əvəzini yalnız oyunumuzla verə bilərik. Odur ki, qələbələrlə onları sevindirməliyik. Güclü dəstəyə görə onlara minnətdarıq. Belə də davam etsin".

Komandamızın əsas futbolçularından olan 26 yaşlı yarımmüdafiəçi bütün oyunlarda əsas heyətdə yer alıb. Azarkeşlər kimi məşqçilər korpusu da ona böyük ümidlər bəsləyir. Bunu yaxşı başa düşən Mate oyunlarda bütün bacarığını ortaya qoyduğunu bildirir: “Məşqlərdə, oyunlarda əlimdən yaxşı nə gəlirsə, onun artığını etməyə çalışıram. Deyim ki, hələ bacarığımın maksimumunu göstərə bilməmişəm. Forma yığdıqca məni daha güclü oyunçu kimi görəcəksiz. Adaptasiya prosesi yaxşı keçib. Cünki mehriban kollektivimiz var. Hamımız bir-birimizlə dostuq. Baş məşqçimiz tələbkardır, bizdən istədikləri var. Onun tələblərini yerinə yetirməliyik. Komandanın uğurlu nəticələr qazanması üçün çox çalışmalıyıq".

Kvirkviyanın fikrincə, “Kəpəz”in çempionatın ilk dövrəsində ev oyunlarını Gəncədə keçirə biməməsi də nəticələrə təsir edib: “Komandamızın böyük azarkeş kütləsi var. Amma evdə oynaya bilmədiyimizdən onu tam hiss edə bilmirik. Öyrənmişəm ki, ölkənizdə oyunlara ən çox azarkeş Gəncədə gəlir. Görüntüləri görmüşəm, stadiondakı atmosfer əladır. Bu, biz futbolçular üçün böyük motivasiyadır. Oyunlarımızı bundan sonra Gəncədə keçirməyimiz bizi sevindirir. Arzumuz həyata keçdi. Məhdud sayda azarkeş qarşısında olsa da, evdə oynamağın üstünlükləri var”.