"Sumqayıt"ın israilli futbolçusu Əmir Ağayev ölkəsinin mətbuatına açıqlamasında Azərbaycanda karantin rejiminin uzadılması ilə bağlı danışıb.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi mövsümün bərpa olunacağına inanmadığını bildirib. O qeyd edib ki, komandasında özü ilə birgə 15 oyunçunun müqaviləsi mövsümün sonunda başa çatacağından, müəyyən problemlər yaranacaq: "Komanda ilə onlayn məşqlər keçirdik. Qəflətən televiziya vasitəsilə elan etdilər ki, karantin müddəti mayın 31-dək uzadılıb. İsrail hökuməti vətəndaşlarını ölkəyə aparmaq üçün xüsusi reyslər təşkil edir. Amma hazırda qeyri-müəyyənlikdir. Çünki qayıdıb-qayıtmayacağım sual altındadır. Mayın 31-də "Sumqayıt"la müqaviləm başa çatacaq və azad oyunçu olacağam. Belədə İsrailə qayıda bilərəm. Ancaq hələ də ödənilməyən maaşlarımız var. Bu qeyri-müəyyənlik əsl kabusdur".

Ağayev bu yay İsrailə qayıtmağı planlaşdırdığını söyləyib: "Növbəti mövsümdə də burada davam edib-etməyəcəyimdən asılı olmayaraq, mütləq ölkəmə yollanacağam. Çünki 1 ildir İsraildən kənardayam. Yoldaşım hamilə olduğu üçün qış fasiləsində gedə bilmədim. İndiki vəziyyətdə ölkəmə qayıdıb-qayıtmayacağım isə hələ məlum deyil".

Qeyd edək ki, Əmir Ağayev 2019-cu ilin qışında "Sumqayıt"la 1,5 illik müqavilə bağlayıb.