"Kubok oyunu çempionat matçından fərqlənir. Bu ifadə şablon olsa da, tam həqiqəti əks etdirir. Kubokun finalında çox maraqlı oyun olacaq. "Sabah" Premyer Liqada göstərdi ki, əl-qolunu yanına sallayıb "Qarabağ"a asan təslim olmaq istəmir. Bu mövsüm çempionatın heç bir oyununda "Qarabağ"ın "Sabah"ı aşkar üstələməsinin şahidi olmamışam. Amma bir statistika da var: Ağdam klubu Azərbaycan Kubokunun finalına çıxırsa, qarşısıalınmaz olur".

Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu, "Səbail"in keçmiş baş məşqçisi Cavid Hüseynov deyib.

O, sabah Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan Kubokunun final matçında "Sabah"ın qələbəyə ehtiyacı olduğunu söyləyib: "Sabah" rəhbərliyi futbol adına çox gözəl işlər görür. Akademiyadan tutmuş infraktruktura, yeni bazaya qədər hər bir şərait yaradılıb. Belə təqdirəlayiq məqamları mütləq vurğulamaq lazımdır. Uşaq futbolunun inişafı üçün yaxşı layihələr həyata keçirirlər. "Sabah"ın daha yaxşı nəticə verməsi üçün bir təkana - titula ehtiyac var. Bundan ötrü futbolçular əllərindən gələni əsirgəməməlidirlər. Çünki rəhbərliyin yanaşması doğrudur. Artıq nəticə zamanıdır. Nəticəsiz iş görmək insanı ruhdan sala bilər. Ancaq iş həyata keçirilən zaman paralel nəticələr qazanılması daha yaxşıdır".

Proqnoz verməyə çətinlik çəkən C.Hüseynov görüşü stadiondan izləyəcəyini vurğulayıb: "Nefçi" və "Sabah" arasındakı yarımfinal görüşlərinin hər ikisini stadiondan izlədim. Yəqin ki, final matçı da istisna təşkil etməyəcək. "Sabah" "Qarabağ"ı məğlub edə bilərmi? Prinsipcə, mümkündür. Final bir oyundan ibarətdir, hər şey ola bilər. Mən "Qəbələ"də oynayarkən kubokun 1/4 finalında "Qarabağ"ı mübarizədən kənarlaşdırmışdıq. Yəni, "Qarabağ" keçilməz sədd deyil. Sadəcə, bu komandanı finalda məğlub emək həddindən artıq çətindir".