"Kubok oyunları heç vaxt asan olmur. Bu yarışda həmişə gərgin mübarizə gedir. Növbəti mərhələyə keçdiyimiz üçün uşaqlara "əhsən" deyirəm, onları təbrik edirəm".

Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan kubokunun yarımfinalına yüksələn "Sabah" klubunun baş məşqçisi Vasili Berezutski "Sumqayıt"la matçdan sonra deyib.

Bu gün Sumqayıtın Mehdi Hüseynzadə adına şəhər stadionunda ev sahiblərini 4:0 hesabı ilə məğlub edən "bayquşlar" tarixlərində ilk dəfə ölkə kubokunun yarımfinalına vəsiqə qazanıblar. V.Berezutski  böyük hesablı qələbənin sirrini açıqlayıb: "Əslində komandada çox dəyişiklik etməmişik. İndi hər yerdə əlverişsiz hava şəraiti var. Heç qapı zərbələri üzərində də yetətincə məşq etməmişdik. Ancaq bilirdim ki, kəmiyyət keyfiyyətə çevriləcək".

"Sabah"ın növbəti rəqibi "Neftçi" və ya "Kəpəz" olacaq. Rusiyalı çalışdırıcı öncədən danışmağı məqsədəuyğun saymayıb: "Qabaqcadan danışmayaq. Rəqibimizin kimliyi hələ də bilinmir. Onsuz da kubokda şanslar həmişə bərabər olur".

Xatırladaq ki, "Sabah" 1/4 finalın birinci matçnda "Sumqayıt"ın müqavimətini qıra bilməsə də (0:0), bu gün 4 cavabsız qolla məqsədinə çatıb.