Almaniyanın “Mercedes” komandasının pilotu Lüis Hemilton oktyabrın 21-də “Formula -1”in beşqat qalibi ola bilər.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı britaniyalı pilot 2018-ci il mövsümünün bu gün ABŞ-da start götürəcək 18-ci mərhələsində ən yaxın izləyicisi – “Ferrari”nin sürücüsü Sebastyan Fetteli 8 xal qabaqlayacağı təqdirdə, çempionluğu erkən bayram edəcək.

Bu il Azərbaycan Qran-prisinin də qalibi olmuş Hemilton hazırda 331 xalla 1-ci pillədədir. Fettel isə 264 xala malikdir. Mövsümün başa çatmasına 4 mərhələ qalıb. Reqlamentə əsasən, yarışda ilk 10 yeri tutan pilotlara ardıcıllıqla 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal verilir.

Hemilton ABŞ Qran prilərində qələbə sayında rekordçudur. O, 6 dəfə çempion olub və bunlardan 5-i 2014 - 2017-ci illərə təsadüf edib. Britaniyalı pilot 2008, 2014, 2015 və 2017-ci illərdə “Formula-1”in qalibi olub.

Qeyd edək ki, ABŞ Qran-prisində bu gün və sabah sərbəst yürüşlər olacaq. Oktyabrın 21-də isə əvvəlcə sıralama turu keçiriləcək. Bakı vaxtı ilə saat 22:10-da isə yarış start götürəcək. (report)