"Zirə" Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Şerif"i qəbul edəcək.
Qarşılaşma bu gün saat 20:00-da "Liv Bona Dea Arena"da keçiriləcək. İlk oyunda "qartallar" rəqibini 1:0 hesabı ilə üstələmişdi. Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov Offsideplus.az saytına açıqlamasında cavab qarşılaşmasında şansların bərabər olduğunu dedi:
"Zirə"nin Bakıda oynamağı üstünlükdür. Rəqib əvvəlki gücünü saxlaya bilməsə də, təhlükəli komandadır. Baxmayaraq ki, təmsilçimiz ilk oyunda qalib gəlib, lakin şansları 50/50-ə qiymətləndirirəm. Məncə, komandamız eyni oyun stilində çıxış etməli və əlinə düşən epizodlardan yararlanıb qələbə qazanmalıdır. "Zirə"nin mərhələ keçməsini arzu edirəm. Həmçinin bu, ölkə reytinqinə də müsbət təsir göstərəcək".
Mütəxəssis Azərbaycan təmsilçisinin müdafiəyə önəm verməli olduğunu dedi:
"Zirə" ehtiyatlı oynamalı və müdafiəyə önəm verməlidir. Komandanın əks-hücumlardan oyununu quracağını düşünürəm. Hesabda irəlidəyik, belə olan halda müdafiə sənin üçün önəmli olmalıdır".