Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçında "Zirə" "Şerif"i qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, bu gün "Dalğa Arena"da təmsilçimiz baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Mütəxəssisin görüş haqda fikirləri belə oldu:
"Həmişə oyundan öncə danışmaq çətindir. Mən xüsusilə belə məqamları xoşlamıram. Rəqibin gücünü və təcrübəsini bilirik. İlk oyunda qələbə qazanmışıq. Rəqib görüşə xüsusi hazırlaşacaq. Səfərdəki oyundan gərgin matç gözləyir. Hər bir ssenariyə hazır olmalıyıq. Ümid edirəm ki, sabah mərhələni keçən tərəf biz olarıq".
Rəşad Sadıqov azarkeşlərin tribunaları doldurmasını istədiyini bildirdi:
"Zirə"nin azarkeşləri az deyil. Vacib məqamlarda bizə dəstək olublar. Say o qədər də önəmli deyil. Əsas keyfiyyətdir. Təbii ki, tribunaların dolmasını istəyirik. Ola bilər ki, yol bir qədər uzaqdır. Məsafə problemi var. Amma əminəm ki, hamı bizim oyunu televizor qarşından izləyəcək. Ümid edirəm ki, bizə dəstək olarlar. Duaları bizimlə olsun".