"Qarabağ" üç il əvvəllə müqayisədə inkişaf edib. İndi rəqibimiz daha güclüdür. Sabah yaxşı oyun olacağına inanıram. "Qarabağ"ın tarixi ilə də maraqlanmışam. Rəqibin baş məşqçisi çox uğurludur. "Qarabağ" böyük komandadır".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Molde" klubunun baş məşqçisi Erlinq Moe sabah Avropa Liqasının qrup mərhələsinin 1-ci turuna "Qarabağ"a qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.
Mütəxəssis "Üç il əvvəl Bakıya gəlməkdən qorxmuşdunuz. Bəs indi necə" sualına bu cür cavab verib: "Həmin vaxtı baş verənlərin səbəblərinə baxmaq lazımdır. O vaxt koronavirus pandemiyası var idi və ədalətli qərar matçın neytral meydanda keçirilməsi oldu. Bakıda bir neçə gün keçirməyi planlaşdırırıq. Hava limanından şəhərə gözəl yollarla gəldik. Məncə, ölkənizlə qürur duya bilərsiz. Sabahkı oyuna gəldikdə, rəqibdən qorxmuruq. "Qarabağ"la oyunu səbirsizliklə gözləyirik".
O, sabah əks-hücumlara bel bağlamağı planlaşdırmadıqlarını deyib: "Mənim üçün özünəinam önəmli faktordur. Nəyisə inkişaf etdirmək istəyirsənsə, özünəinam olmalıdır. Sabah özümüz olmağa çalışacağıq. "Qarabağ"la matçda geriyə çəkilib, müdafiə olunaraq əks-hücumlara bel bağlamağı planlaşdırmırıq. İstəyirik ki, sabah "Qarabağ"a qarşı rəqabət göstərək. Üstünlüyümüz özümüzün olmağıdır".
Baş məşqçi Çempionlar Liqasının pley-off mərhələsində uduzduqları "Qalatasaray"la "Qarabağ" arasındakı fərqlərdən də danışıb: "Əslində, daha çox oxşardırlar. Əsas fərq "Qalatasaray"da böyük adların olmasıdır. "Qarabağ"da isə daha çox birlik var. Böyük klub olmağın başlanğıcındadır".
Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq.