Türkiyə millisinin kapitanı Burak Yılmaz Avro-2020-nin qrup mərhələsinin 2-ci turunda sabah Uelslə Bakıda keçiriləcək oyun öncəsi təşkil edilən mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı hücumçu Bakıda keçiriləcək iki oyunda 6 xal qazanmağı hədəflədiklərini bildirib:
“Sabah hər zamankı oyunumuzu izlətdirəcəyimizi düşünürəm. İtaliya ilə matçdan sonrakı ilk iki gündə çox pis durumda idik. Amma baş məşqçinin də sayəsində özümüzə gəldik. Bakıdakı oyunlarda hədəf 6 xal qazanmaqdır. Bütün Azərbaycan xalqına təşəkkürümüzü bildiririk. Onlar bizim qardaşlarımız, dostlarımızdır. İlk gündən bizi öz evimizdəki kimi hiss etdirdilər. Bu dəfə öz meydanımızda oynayacağıq. İtaliyada əsl səfər oyununa çıxmışdıq. Azərbaycan xalqının bizimlə olduğunu bilirik. Sabah da Uelsə özünü səfərdəki kimi hiss etdirməyə çalışacağıq”.
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - Türkiyə oyunu saat 20:00-da başlayacaq.