UEFA-nın sürətlə yayılan "COVİD-19" epidemiyası səbəbi ilə "AVRO-2020"nin oyunlarını təxirə sala biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.
Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, bu məsələ ilə bağlı Avropanın bir sıra ölkələrinin futbol federasiyaları ali quruma müraciət ünvanlayıb. Həmin ölkələr daxili çempionatlarında oyunların təxirə salınması ilə əlaqədar UEFA-dan mötəbər turnirin vaxtının dəyişdirilməsini tələb ediblər.
Bu gün isə qurum prezidenti Aleksandr Çeferin məsələ ilə bağlı rəsmi açıqlama verib. O bildirib ki, koronavirus səbəbindən Avropa Çempionatı təxirə salınmayacaq. Çeferin bunun üçün zəruri səbəb görmədiyini bildirib:
"UEFA koronavirusun yayılması ilə əlaqədar müvafiq beynəlxalq və yerli qurumlarla əlaqə saxlayır. Turnirin planlaşdırılan cədvəlində nəyisə dəyişməyə ehtiyac yoxdur".
Xatırladaq ki, Bakı Olimpiya Stadionu (BOS) iyunun 13-də Uels-İsveçrə, iyunun 17-də Türkiyə-Uels, iyunun 21-də Türkiyə-İsveçrə matçlarına ev sahibliyi edəcək. İyulun 4-də isə BOS-da 1/4 final oyunlarından biri təşkil olunacaq.