UEFA AVRO-2020 üçün rəsmi oyun topunun adını açıqlayıb.
Offsideplus.az-ın məlumatına görə, ingiliscə "birlik" (unity) və "eyforiya" (euphoria) sözlərinin birləşməsi ilə “Uniforia” adlandırılan top gələn il keçiriləcək çempionatın bütün qitəni ruhlandıracağını qeyd etmək üçün hazırlanıb.
AVRO-2020-nin matçları Avropanın 12 müxtəlif ölkəsində keçiriləcəyindən, “Uniforia”nın tərtibatı körpülərin kəsişməsi, hüdudların qarışması, həmçinin sənət və futbolun təkrarolunmaz qarışığı ilə turniri müşayiət edəcək müxtəliflik anlayışlarını əhatə edir.
Turnirin yeni transkontinental formatının əksi olan “Uniforia”nın tərtibatı topun üstündən qalın, qara fırça ilə çəkilmiş hüdudların qarışmasını və sərhədlərin kəsişməsini göstərən xətlərdən ibarətdir. Turnirin müxtəlifliyini və fərqli mədəniyyətlərin bir araya gəlməsini göstərmək məqsədilə, bu geniş ştrixlər parlaq və açıq rəngli qısa xətlərlə kəsişir.
Qeyd edək ki, AVRO-2020 iyunun 12-də İtaliyanın paytaxtı Romada start götürəcək və iyulun 12-də İngiltərənin paytaxtə Londondakı “Uembli” stadionunda keçiriləcək final oyunu ilə yekunlaşacaq. AÇ-2020-nin matçları 12 şəhərdə, o cümlədən Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu qrup mərhələsinin üç, 1/4 finalın 1 matçına ev sahibliyi edəcək.