Azərbaycanda ənənəvi idman növlərindən biri və demək olar ki, birincisi güləşdir. 

İstər Olimpiya Oyunları, istərsə də dünya və Avropa çempionatlarında üçrəngli bayrağımız ən çox məhz güləşçilərimizin uğurları fonunda qalxıb, himnimiz səslənib. Ölkəmizdə təkbətək idman növləri içində elit mövqeyini qoruyan güləşin bünövrəsi də möhkəm sütunlar üzərində bərqərardır. 

Ümumiyyətlə, yerləşdiyimiz coğrafi areal da bizdə bu idman növünün zirvədə olmasına zəmin yaradır. Şimallı-cənublu Qafqaz ölkələrinin əksəriyətində idman növlərinin ümdəsi güləşdir. 

Güləşlə fəth edilən ilk böyük zirvə... 

Azərbaycan 1996-cı ildə keçirilən XXVI Yay Olimpiya Oyunlarına artıq müstəqil dövlət kimi qatıldı. Amerika Birləşmiş Ştatlarının Atlanta şəhərində təşkil olunan Olimpiya Oyunlarında ölkəmiz 23 idmançıyla təmsil edildi. Azərbaycan Atlantadan vətənə bir medalla qayıtdı. Müstəqil ölkəmizin medal ümidlərini, yalnız sərbəst güləşçi, 2 qat Avopa çempionu Namiq Abdullayev doğrultdu. Pəhləvanımız Atlantada yüksək texnika və əzmkarlıq nümayiş etdirərək, finala gədər bütün rəqiblərini yendi. Həlledici görüşdə isə güləşçimiz Olimpiya çempionu Bolqarıstanlı Valentin Yordanova məğlub oldu və Azərbaycana XXVI Yay Olimpiya Oyunlarında yeganə medalı qazandırdı. İdmançımız burada hakim qərəzinin qurbanı oldu desək, yanılmarıq. Ancaq bütün bunlara baxmayaraq, Atlanta Olimpiadası Azərbaycan idmanının tarixinə qızıl hərflərlə yazıldı. 

426bf44a 545b 4ecf 9427 184e15fee983

Abdullayev isə bu mötəbər turnirdə özünün və ölkəmizin "qızıl" arzusuna 4 il sonra yetdi. Belə ki, Avstraliyanın Sidney şəhərində təşkil olunan XXVIl Yay Olimpiya Oyunlarında Azərbaycan güləşi ilk böyük nailiyyətini qazandı. Atlantada hakim qərəziylə "gümüş" qazanan Namiq Abdullayev bu səfər medalların ən yüksək əyarlısına yiyələndi. Uzaq Avstraliyada bayrağımız qaldırıldı, himnimiz səsləndirildi. Sidneydə tarix yazan Namiq Abdullayev və digər medalçılarımız vətəndə böyük coşğuyla qarşılandı. Hava Limanından başlayaraq şəhər boyu xalqımız onları salamladı. 18 oktyabr tarixində isə ümumilli lider, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev olimpiyaçıları qəbul etdi. Həmin gün Azərbaycanın müstəqilliyinin bərpasının 9-cu ili tamam olurdu. Prezident Sarayında baş tutan mərasimdə idmançılara və onların məşqçilərinə orden və medallar təqdim olundu. Bununla da, Azərbaycan güləşi böyük uğurlara ayaq açmış oldu. Növbəti olimpiadalarda da güləşçilərimiz fəxri kürsülərdə yer aldı. 

***
Sidneydə doğub, Tokioda batan Günəş... 

Azərbaycan idmançıları Yaponiyanın paytaxtı Tokioda keçirilən 2020-ci il Yay Olimpiya Oyunlarından uğursuz nəticələrlə qayıtdı. Gündoğar ölkənin Günəşi Azərbaycan idmanı üçün qürub etdi. Cəmi 7 medal, içərisində "qızıl" əyarlısı da yox... 

Olimpiadada 3 güləşçimiz fəxri kürsüyə qalxa bildi. Onlardan biri gümüş, digər ikisi bürünc medala sahib çıxdı. Yunan-Roma güləşi üzrə 77 kiloqram çəki dərəcəsində mübarizə aparan Rafiq Hüseynov və qadınlar arasında sərbəst güləş üzrə 50 kq-da ölkəmizi təmsil edən Mariya Stadnik "bürünc"lə kifayətlənməli oldu. Əsas medal ümidlərimizdən biri olan Hacı Əliyev isə finalda məğlub olaraq gümüş medal qazandı. 

Bu da istər idman ictimaiyyətimiz, istərsə də cəmiyyətimizdə birmənalı qarşılanmadı. İdman ölkəsi sayılan Azərbaycan bu olimpiadada gözlənilməz aqibətlə üzləşdi. Əslində, lisenziya yarışları zamanı bu cür nəticəylə qarşılaşacağımız aşağı-yuxarı təxmin edilirdi. 

- Bəs nə çatmadı, niyə belə oldu? 

025592a9 5825 4c6e a472 22d407b583a9

Başlayaq cari şəraitdən, bölgələrdən. Bu gün güləşimizdə hansı çatışmazlıqlar var? 

Bir deyil, beş deyil... Apardığımız kiçik araşdırmaya əsasən deyə bilərik ki, hazırda Azərbaycanda güləşin N qədər problemi var. Burada koronavirus bəlasının da adını çəkməliyik. Ki, pandemiya ölkədə bütün sahələrdə olduğu kimi idmanımıza da böyük zərbə vurdu. Əlahiddə olaraq da güləşə. Təxminən 1 ildən çox zallar bağlı oldu və bu müddət ərzində əksər məşqçilər iş yerlərini dəyişmək məcburiyyətində qaldılar. Bəzi güləşçilər karyeralarını erkən başa vurmalı oldular. 

Hər mövsüm keçirilən güləş üzrə Azərbaycan çempionatı son olaraq 2019-cu ildə baş tutub. Yığma komandaya güləşçi seçimi üçün müstəsna əhəmiyyət daşıyan ölkə birinciliyinin 2 il əvvəl keçirilməsi faciədir. Yarış olmayanda da bu, rəqabətə ciddi təsir göstərir. Belə demək mümkünsə, artıq 2 ildir ki, Azərbaycan millisinin heyəti əsaslı şəkildə yenilənmir. 

Problemlərdən biri də infrastrukturla bağlıdır. Əsasən də bölgələrdə faliyyət göstərən idman zallarının şəraiti acınacaqlı vəziyyətdədir. Əksər zalların təmirə ehtiyacı var. İstilik sistemindən tutmuş, inventar, yəni idman avadanlıqları baxımından da böyük çatışmazlıqlar mövcuddur. Məsələn, güləş müqəvvaları və ya döşəkcələr. Zallardakı döşəkcələrin çoxu yararsız vəziyyətdədir. Ancaq bununla belə, bu döşəkcələr üzərində məşq edib, özünü inkişaf etdirən istedadlı güləşçilərimiz də var. 

Həm də bölgələrdə savadlı məşqçi qıtlığı da var. Bilik-bacarıqları istənilən səviyyədə olmayan çalışdırıcıların peşəkar güləşçi yetişdirəcəyi nə dərəcədə realdır?
Ümumiyyətlə, Azərbaycan Güləş Federasiyasının bu yöndə rolundan danışırıqsa, bir məqamı qeyd etmək yerinə düşər ki, qurum daha çox milli komandayla məşğul olur. Əsas öhdəlik məhz yığmanın təlim-məşq toplanışlarını həyata keçirmək, yarışlara hazırlaşdırmaqdır. Bölgələrdəki çatışmazlıqlarla bağlı isə yerli icra orqanları, aidiyyatı qurumlar öz köməkliyini göstərə bilər. Ki, əfsuslar olsun, bunu da az-az görürük, ya da demək olar, görmürük... 

***
Güləşimizin nəsildəyişmə prosesi və ya əvvəlki illərlə müqayisədə cari nəticələri barədə ətraflı məlumat əldə etmək üçün Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalıya tribuna verdik: 

"2016-cı ilə qədər "Atasport" kimi imkanlı sponsor var idi. Demək olar ki, heç bir dövlət dəstəyi olmadan federasiya sırf "Atasport"un hesabına bir çox məsələləri həll edirdi. Belə demək mümkünsə, heç bir maddi problem yaşanmırdı, hətta klublar da bu dəstəkdən faydalanırdı. O cümlədən, ölkəmizdə tez-tez beynəlxalq yarışlar keçirilirdi. Bu yarışlar sayəsində də həm yeniyetmə, həm də gənc güləşçilərimiz təcrübə toplayırdı. Məsələn, "Qızıl Qran-pri" turnirinin adını çəkə bilərəm. Bu yarışa dünyanın ən güclü güləşçiləri təşrif buyururdu. Çünki burada laureatlara yaxşı pul mükafatı qoyulmuşdu. Həmçinin "AGF Kuboku", "Rəşid Məmmədbəyov adına turnir", "İsaq Cəfərov adına turnir", "Hünər meydanı" kimi yarışları da qeyd edə bilərəm. İl ərzində rahat 5-10 turnir keçirilirdi. "Atasport"la əməkdaşlıq dayandırıldıqdan sonra son "Qızıl Qran-pri" 2016-cı ildə keçirildi. Axırıncı "AGF Kuboku" yarışı isə 2017-ci ildə baş tutdu.

Ondan sonra heç bir yarış keçirilmədi. İl ərzində Şamaxı rayonunda "Oleq Krapivin adına turnir" keçirilir ki, bu yarış da Krapivinin maliyyə, federasiyanın isə təşkilati dəstəyi ilə baş tutur. Bir də "Müşfiq İsayev adına turnir"i misal çəkmək istərdim. Bu yarış isə Gənclər və İdman Nazirliyinin xətti və Azərbaycan Güləş Federasiyasının təşkilati dəstəyi əsasında keçirilir. Yəni ki, il ərzində yeniyetmələr arasında keçirilən iki yarış var. Buraya da 3-4 qonşu ölkələrdən idmançılar gəlir. Ölkə daxilində böyüklər və gənclər arasında isə beynəlxalq yarışlar yoxdur. Təbii ki, bu vəziyyətdə inkişaf etmək çətin olur". 

e595b152 ff8a 4e86 bdf0 f2b90e9b3777

Qurum sözçüsü söhbət əsnasında bu il yeniyetmə və gənclərimizin AÇ və DÇ-də qazandığı nəticələri təqdim edir: 

Gənclər 

Avropa çempionatı 

4 qızıl, 2 gümüş, 2 bürünc = 8 medal 

Dünya çempionatı 

1 qızıl, 4 gümüş, 6 bürünc = 11 medal

Yeniyetmələr 

Avropa çempionatı

4 qızıl, 3 gümüş, 5 bürünc = 12 medal 

Dünya çempionatı

1 gümüş, 7 bürünc = 8 medal

Legionerlər yoxsa yerlilər?

Gənc idmançıların millidəki vəziyyəti ilə bağlı sualımıza Sərxan Musalının cavabı belə oldu: 

"Legionerlərin sayı ələlxüsus, 2016-cı ildən bu yana azalıb. Yəni, nəticə qazana bilməyən legionerlər get-gedə yığmadan uzaqlaşıblar. Məsələn Aleksandr Qostiyevin adını çəkə bilərəm. Dəfələrlə Avropa və dünya çempionatlarında medal qazanan güləşçi 2019-cu ildə keçirilən beynəlxalq turnirlərdə heç bir nəticə verə bilmədiyi üçün millidən uzaqlaşdırıldı və bundan sonra da karyerasını bitirdi. Ardınca 125 kiloqram çəki dərəcəsində çıxış edən Cəmaləddin Məhəmmədovla da yollar ayrıldı. O da dəfələrlə beynəlxalq yarışlarda yer tutmasına baxmayaraq, Tokio-2020 olimpiadasına lisenziya xarakterli Avropa Olimpiya Təsnifat Turnirində ümidləri doğrultmadığna görə yığmadan kənarlaşdırıldı. 

57 kiloqram çəki dərəcəsində güləşən Giorgi Edişeraşvili də analoji halla üzləşdi deyə, onunla da əməkdaşlıq dayandırıldı. Yəni, nəticə verə bilməyən, yaxud yaşı çox olan idmançılarla tədricən vidalaşırıq. Əvvəllər yığmanın heyətində legionerlər üstünlük təşkil edirdisə, artıq son dünya çempionatında seçməmiz cəmi iki bu qəbildən olan güləşçiylə təmsil olunurdu. Millimizdə axırıncı dəfə belə az legioner 2006-cı ildə olub. Bu da onu göstərir ki, artıq yerli idmançılar daha önə çıxır. Ancaq biz deyə bilmərik ki, legionerlərlə tamamən yolları ayıraq. Çünki Azərbaycan güləşində yuxarı çəki dərəcələrində həmişə yaxşı güləşçi qıtlığı olub. Ona görə də yuxarı çəkilərə legionerlər dəvət olunur ki, rəqabət yaransın və yerli idmançılar da daha həvəslə öz üzərində işləsinlər".

Daşqın Əziz

1627377871 1626962283 1626442780 1625744715 1625297110 media agentlik

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.