Məşhur qrossmeyster Vüqar Həşimovun qardaşı Sərxan Həşimov Avropa Şahmat Birliyinin Qlobal Strategiya direktoru təyin edilib.
Offsideplus.az xəbər verir ki, təşkilatın onlayn formatda keçirilən iclasında Avropa şahmat strategiyasının hazırlanması azərbaycanlı S.Həşimova tapşırılıb. Bu barədə qərar Avropa Şahmat Birliyinin idarə heyəti tərəfindən qəbul edilib. Bununla da həmyerlimiz Avropa Şahmat Birliyində rəhbər vəzifədə çalışacaq ilk azərbaycanlı olub.
S.Həşimovun əsas öhdəliklərinə idman fəaliyyətlərini dəstəkləmək üçün beynəlxalq biznes mühitinin təhlili, əsas strateji prioritetlərin təbliği və hərtərəfli strateji plana çevrilməsi, sponsorluq, biznes və İT layihələrində qurumun strategiyasının tərtibi, həyata keçirilməsi, sponsorluq paketləri və B2B tərəfdaşlıqlarının yaradılması kimi məsələlər daxil olacaq.
Qeyd edək ki, Sərxan Həşimov “Microsoft”, “SAP”, “Oracle”, “HP” kimi qabaqcıl şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. S.Həşimov regiondakı nailiyyətlərinə görə, 2018-ci ildə “Microsoft”un qızıl mükafatına layiq görülüb. O, həmçinin iki il ərzində “Oracle” şirkətlərinin ən çox müvəffəqiyyət qazanan əməkdaşları sırasında olub, “SAP” şirkətində isə ən yaxşı işçi adını qazanıb. (AZƏRTAC)