İtaliyanın "Fiorentina" klubu "Verona"nın ulduzu Antonin Barakı transfer etməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, bu barədə italiyalı idman jurnalisti Alfredo Pedulla məlumat yayıb. Xəbərə görə oyunçunun hazırda "Fiorentina"ya getməyə hazırlaşdığı və yaxın zamanda keçidin rəsmiləşəcəyi bildirilir. Transferin A Seriyasının cari oyun həftəsinin bitməsindən 24-36 saat sonra reallaşacağı gözlənilir.

"Verona"nın qarşı tərəflə Covanni Simeonenin keçidinə bənzər bir müqavilə imzalamağa hazırlaşdığı deyilir. Belə ki, futbolçu satınalma şərti ilə icarəyə veriləcək, əgər mövsüm ərzində müəyyən şərtlər yerinə yetirilərsə, bu zaman Florensiya təmsilçisi çexiyalı yarımmüdafiəçini birdəfəlik transfer etmək öhdəliyinə sahib olacaq.

Antonin Barakın transfer qiyməti 11-12 milyon avro ilə qiymətləndirilir.

Qeyd edək ki, 27 yaşlı oyunçu "Verona"ya 2021-ci ildə "Udineze"dən keçib. O, ötən mövsüm bütövlükdə 30 oyuna çıxıb, 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Barak 2016-cı ildən çıxış etdiyi Çexiya millisində isə 31 matçda meydanda olub və 8 qol vurub.