İtaliyanın "Yuventus" klubu heyətini yeni qapıçı ilə gücləndirmək üçün fəaliyyətini davam etdirir.

Offsideplus.az xəbər verir ki, Turin təmsilçisinin transfer siyahısında ilk sırada Aston Villanın" və Argentina milli komandasının qolkiperi Emiliano Martines qərarlaşıb.

​İtaliya mətbuatının yaydığı məlumata görə, 33 yaşlı dünya çempionu "Yuventus" üçün hələ də ən arzuolunan namizəd statusunu qoruyur, lakin bu transfer maliyyə baxımından olduqca baha başa gəlir. Buna baxmayaraq, Turin klubunun rəhbərliyi artıq təcrübəli qapıçının agenti ilə gələcək müqavilənin şərtlərini razılaşdırıb.

Şifahi razılaşmaya əsasən, Martines "Yuventus" ilə "3+1" mövsüm müddətinə müqavilə imzalamağa hazırdır və onun mövsümlük maaşı təxminən 5 milyon avro təşkil edəcək.

​İndi isə əsas məsələ "Yuventus" ilə "Aston Villa" arasında transfer məbləği barədə ortaq məxrəcə gəlməkdir. İngiltərə təmsilçisi rəsmi təklifləri dəyərləndirməyə hazır olsa da, ulduz qapıçısını ucuz qiymətə buraxmaq niyyətində deyil. Hazırda klublar arasında danışıqlar davam edir.