2019-20 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək ilk komandanın adına aydınlıq gəlib.

Offsideplus.az-ın məlumatına görə, bu, Azərbaycan Premyer Liqasının XXII tur görüşlərindən sonra müəyyənləşib.

Belə ki, 4-cü pillədəki "Qəbələ"nin büdrəməsi "Qarabağ"ın ilk "3-lüy"ü təmin etməsi ilə nəticələnib. "Sumqayıt" üzərində 6:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi sona 6 tur qalmış "Qəbələ"ni 18 xal qabaqlayır.

Qurban Qurbanovun yetirmələri şəxsi oyunlarda "qırmızı-qaralar"ı üstələdiyindən, qalan 6 oyunun hamısında məğlub olsa belə, ən pis halda mövsümü 3-cü pillədə başa vuracaq. Bu isə o deməkdi ki, "Qarabağ" ən azı Avropa Liqasına vəsiqəni təmin edib.

Ağdamlılarla eyni xala malik olan "Neftçi" də "Qəbələ"dən 18 xal öndədi. Ancaq "flaqman" hələlik ilk "3-lük"dəki yerini rəsmiləşdirməyib. Çünki "Qəbələ" şəxsi oyunlarda bakılılardan üstündü. Roberto Bordinin kollektivi daha 1 xal əldə etməklə, bu baxımdan rahatlaya biləcək.