"Sabah" Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" "Ludoqorest"in qonağı olacaq. 

Bolqarıstan təmsilçisi ilə bağlı maraqlı məlumatları diqqətinizə çatdırırıq. 

"Ludoqorets"in əsası 1945-ci ildə Razqrad şəhərində qoyulub. Komanda ev oyunlarını 10500 nəfərlik tutumu olan "Huvepharma Arena"da keçirir. "Ludoqorets"in baş məşqçisi 69 yaşlı bolqar mütəxəsis Georgi Dermendiyevdir.

Klubun ləqəbi loqosunda da əks olunan "qartallar"dır. Komanda uzun müddət aşağı liqalarda çıxış edib. "Ludoqorets" yüksək liqaya ilk dəfə 2011-ci ildə vəsiqə qazanıb. Razqrad təmsilçisi elitadakı ilk mövsümündə "trebl"a imza atmaqla Bolqarıstanda bunu bacaran birinci komanda olub. Həmçinin, beynəlxalq futbol tarixində də bu nəticəni reallaşdıran azsaylı klublardan biridir. "Köhlən atlar"ın rəqibi ölkəsində 13 çempionluq sevinci yaşayıb, 3 dəfə ölkə kubokunun sahibi olub. 7 dəfə Super Kuboku başı üzərinə qaldırmağı bacarıb. Onlar da "Qarabağ" kimi zəngin avrokubok təcrübəsinə malikdirlər. Artıq 9 ildir ard-arda qrup mərhələlərinə vəsiqə qazanırlar ki, bunlardan ikisi Çempionlar Liqasının 2014/15 və 2016/17 mövsümlərinə təsadüf edir. Ötən mövsüm Konfrans Liqasında "Fənərbağça" ilə eyni qrupda yer alan klub qrupdan 12 xal toplayaraq 2-ci kimi çıxmağı bacarmışdır. Növbəti mərhələdə "Servette"yə rəqib olan "qartallar" səfərdəki qolsuz bərabərlikdən sonra evdə buraxdıqları məğlub olaraq mübarizəni dayandırıblar.

Qeyd edək ki, həmin qarşılaşmanı həmyerlimiz Əliyar Ağayev idarə etmişdi.

Komandanın ümumi transfer dəyəri 53 milyondur. Heyətin ən bahalı oyunçusu 6 milyon dəyəri olan Bernard Tekpeteydir.