"Mən uzun müddətdir hakimliklə məşğulam, bir çox vacib oyunlarda ədalət prinsiplərini qorumağa çalışmışam. Lakin bu, karyeramın ən çətin oyunu idi".
Offsideplus.az xəbər verir ki, bu sözləri fevralın 24-də Türkiyə Superliqasında "Qalatasaray" və "Fənərbağça" komandaları arasında keçirilmiş matçın (0:0) baş hakimi Slavko Vunçiç deyib.
Sloveniyalı referi İstanbulun "Rams Park" stadionunda baş tutan derbinin ağırlığından danışıb: "Sanki qorxulu filmə düşmüşdüm. Bu, çox riskli oyun idi. Qəbul etdiyim qərarlar günlərdir müzakirə olunur. Hərçənd yenə belə qaşılaşmaları idarə etmək istəyərdim".
Türkiyə mətbuatının yazdığına görə, Slavko Vunçiçi ən çox təəccübləndirən məqamlardan biri asayiş keşikçilərinin sayı olub. Oyuna ümumilikdə 32500 polis cəlb edilib ki, onlardan da 10050 nəfəri stadionun daxilinə yerləşdirilib. Bu görüntüdən təsirlənən hakim oyundan sonra təəssürtlarını həyat yoldaşı ilə telefon danışığında bölüşüb: "İki gün öncə Sloveniyada idarə etdiyim oyunda cəmi 450 tamaşaçı var idi. Belə halla ilk dəfədir rastlaşıram".
Yeri gəlmişkən, "Qalatasaray" - "Fənərbağça" derbisi Slavko Vunçiç üçün 5 gün ərzində 3-cü təyinat olub. O, fevralın 19-da UEFA Çempionlar Liqasında PSV - "Yuventus", bundan 3 gün sonra isə Sloveniya çempionatında "Bravo" - "Koper" matçında baş hakim funksiyasını yerinə yetirib.