Bu gün Türkiyə Superliqasının lideri "Qalatasaray" XXIII tur çərçivəsində səfərdə "Çaykur Rizespor"la görüşəcək.
Offsideplus.az xəbər verir ki, bu oyun təkcə "sarı-qırmızılılar" deyil, həm də əzəli rəqib "Fənərbaxça"nın azarkeşləri üçün böyük maraq kəsb edir. Axı, Joze Mourinyonun komandası "Cim Bom"la daban-dabana gedir. Hazırda "Qalatasaray" 60 xalla 1-ci, "Fənərbaxça" isə 57 xalla 2-ci pillədə qərarlaşıb.
Son turlarda qələbələri sıralayan "sarı-lacivərdlilər" bu gün "Çaykur Rizespor"un qalibiyyəti və ya ən pis halda, heç-heçəsi üçün dua edirlər. "Qalatasaray"ın səfərdə xal itirməsi "Fənərbaxça"ya hava-su kimi laızmdır. Belə olan halda, fevralın 24-də keçiriləcək derbidə aradakı xal fərqini bir qədər də azaltmaq, hətta tamamilə aradan götürmək mümkün olacaq.
Şübhəsiz ki, bu gün "Qalatasaray"ın çempionatın ortabablarından biri ilə görüşdə xal itirəcəyi ehtimalı çox azdır. Çünki "Cim Bom" cari mövsümdə məğlubiyyətin nə olduğunu bilmir. Səfərdə keçirilən qarşılaşmalarda 9 qələbə, 1 heç-heçə qeydə alınıb. Üstəlik nəzərə almaq lazımdır ki, baş məşqçi Okan Buruk Rize səfərinə əsas heyətlə yollanıb. Yalnız ispaniyalı Alvaro Morata zədə səbəbindən matçı buraxmalı olacaq.
Ancaq bu gecə tabloda istənilən hesabı görmək olar. "Qalatasaray" 4 gün öncə Avropa Liqasının pley-off mərhələsinə də belə nikbin yollanmışdı. "AZ Alkmaar"la oyun isə əsl "soyuq duş" effekti verdi - 1:4. "Fənərbaxça" azarkeşləri "sarı-qırmızılar"ın bu ağır məğlubiyyətdən hələ də özlərinə gəlmədiklərinə ümid edirlər.
Qeyd edək ki, "Çaykur Rizespor" - "Qalatasaray" oyununun start fiti bu gün Bakı vaxtı ilə saat 21:00-da çalınacaq.