UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində "Rakuv"la oyun öncəsi "Qarabağ"da ayrılıq yaşana bilər.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Kevin Medina ilə yollarını ayırması gözlənilir. "Rizespor" klubunun mətbuat xidmətinin rəhbəri Hasan Yavuz "Radyospor"a açıqlamasında müdafiəçinin mümkün transferindən danışıb:
"Kevin Medina ilə maraqlanırıq. Medina çox dəyərli futbolçudur. Həm oyunçu, həm də “Qarabağ”la görüşümüz olub. Danışıqları yekunlaşdırmaq üçün “Linkoln”la görüşü gözləyirdik. Tezliklə bəzi məsələlərin dəqiqləşəcəyini düşünürəm".
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da dünən "Linkoln"la oyundan sonra mətbuata açıqlamasında Kevin Medina üçün ciddi təkliflər aldıqlarını açıqlayıb.
Qeyd edək ki, "Rakuv" - "Qarabağ" matçı iyulun 26-da Bakı vaxtı ilə saat 22:15-də baş tutacaq. Cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək.