Yay transfer pəncərəsində adı "Fənərbağça" ilə hallanan braziliyalı futbolçu Qabriel Barbozanın yenidən Türkiyə klubuna keçəcəyinə dair iddialar yayılıb.
Offsideplus.az "TNT Sports"a istinadən xəbər verir ki, sözügedən məsələ ilə bağlı hücumçunun hazırda çıxış etdiyi "Flamenqo" klubunun vitse-prezidenti Marko Braz açıqlama verib. Braziliya təmsilçisinin funksioneri oyunçunun sərbəst qalma maddəsinin 35 milyon avro olduğunu vurğulayaraq, Türkiyə klubunun bu pulu verməyə gücünün yetməyəcəyini bildirib: "Türklər bu pulu verə bilməz. Pulunu verən dünyadakı hər bir klub təklif göndərə bilər, çünki onun hələ klubla müqaviləsi var. Amma Qabrielin Türkiyəyə getməyəcəyindən əminəm. Bu bir zarafat olmalı, gəlin ciddi şeylərdən danışaq. Qabriel "Flamenqo"dan ayrılıb başqa komandaya gedəcəksə, bu "Fənərbağça" olmayacaq. Onun arzusu İngiltərə Premyer Liqasında çıxış etməkdir."
Qeyd edək ki, 26 yaşlı oyunçu 2019-cu ildən oynadığı "Flamenqo" klubunda 203 oyuna çıxıb və 131 qol vurub. Qabriel 2016-cı ildən çağrıldığı Braziliya millisində isə 18 matçda 5 qolla yadda qalıb.