Növbəti mövsümə hazırlıqları davam etdirən "Beşiktaş" heyətini ulduz futbolçularla gücləndirməyə hazırlaşır.

Offsideplus.az xarici mediaya istinadla xəbər verir ki, "qara qartallar" Avropa klublarında top qovmuş və qovmaqda olan ulduz oyunçuları rənglərinə bağlamaq niyyətindədir.

İstanbul təmsilçisinin ilk hədəfi İtaliya "Roma"sında çıxış edən və son olaraq "canavarlar"la 1 illik yeni sövdələşmə imzalayan Edin Cekodur. Rəhbərlik 35 yaşlı bosniyalı hücumçunun meneceri ilə danışıqlar aparıb və onun üçün 4 milyon avro maaş, eyni miqdarda da sərbəstqalma məbləği razılaşdırıb.

Növbəti hədəf Madrid "Atletiko"sundan ayrıldıqdan sonra uzun müddətdir klubsuz qalan Dieqo Kostadır. "Beşiktaş" 32 yaşlı forvarda 2,5 milyon avro maaş və 2 illik müqavilə təklif edib.

"Ağ qaralar"ın heyətinə qatmaq istədiyi digər hücumçu isə hazırda "Hatayspor"un şərəfini qoruyan Mame Diufdur. Türkiyə təmsilçisi 33 yaşlı seneqallı forvardın keçidi üçün "Beşiktaş"dan 12 milyon avro tələb edir.