“Fənərbaxça” hollandiyalı hücumçusu Robin van Persi ilə yollarını rəsmən ayırıb.
Offsideplus.az xəbər verir ki, ulduz futbolçunun müqaviləsinə xitam verilib. Komandanın Antalyadakı təlim-məşq toplanışına aparılmayan 35 yaşlı oyunçunun meneceri Kis Vos İstanbula gələrək, klub rəsmiləri ilə görüşüb. Tərəflər müqavilənin qarşılıqlı razılıqla ləğvinə razılaşıblar.
İstanbul nəhəngində illik məvacibi 4,9 milyon avro olan van Persi 6 aylıq alacağı olan 2 milyon 450 min avrodan imtina edərək, azad agent statusuna yiyələnib. Onun karyerasını “Feyenoord”da davam etdirməsi gözlənilir.
Qeyd edək ki, Robin van Persi “Fənərbaxça”ya 2015-ci ildə “Mançester Yunayted”dən keçib.