Superliqanın 14--cü turu çərçivəsində keçirilən "Fənərbağça" - "Başakşehir" (4:1) matçı ətrafında aparılan müzakirələr səngimir.

Offsideplus.az xəbər verir ki, bu dəfə beynəlxalq dərəcəli hakim, "Sabah" qəzetinin yazarı şübhəli qərarlarla zəngin oyuna toxunaraq, sözün əsl mənasında "od püskürüb": "Türk futbolunda böyük bir komediya yaşanır. Gənc, şərəfli hakimləri bu yaşda vasitə kimi istifadə edirlər. Oyun bir komandanın əlindən alınıb digərinə necə verilir - bunu dünən Bahettin Şimşek əyani olaraq göstərdi. O uşağa əsəbləşə bilmirəm, yaraşıqlı, təmiz simalı uşaqdır. Hələ yolun başındadır. Anadoludan İstanbula gəlmiş gözəl bir qız kimi, pis insanların əlinə düşüb pis yola sürüklənən zehniyət sahibi kimi görünür kənardan".

Ünlü sima gənc hakimin idarəçiliyindəki konkret səhvlərə toxunub. Öncə ilk hissə: "Hər şey qaydasında gedərkən Qustavonun rəqibin ayağına vurduğu zərbə var. Qərar birmənalı "qırmızı" olmalıydı. Üstəlik, həmin an VAR hakimi Cüneyt Çakır referini meydanın kənarına dəvət etdi. Qustavo bilərəkdən rəqibin biləyinə zərbə endirdiyinə görə bayıra "atılmalıydı". Amma hakim "qırmızı" göstərmir. Göstərə bilmir, ya da nəyəsə görə göstərməkdən çəkinir. Həmin an Qustavo meydandan çıxarılsaydı, "Fənər" əsla qalib gələ bilməzdi, hətta uduzardı".

İkinci yarı haqda da dedikləri var: "Yenə işlər qaydasında gedir. Rafaellə Şkrtelin top uğrunda mübarizəsi var. Rafael rəqibinə toxunmur. Hakimin fiti səslənirt və "Fənər"in xeyrinə qayda pozuntusu. Yanlış qərara əsəbləşən topu kənara vurur. Qayda pozuntusuna görə Rafaelə birinci "sarı"nı, topa vurduğuna görə isə ikinci "sarı"nı göstərib vaxtından əvvəl paltardəyişmə otağına göndərir. Bunun adı teatrdır. Bunun adrı qətliamdır. Bunun adı Türkiyə liqasını dizayn etməkdir. Bütün bunların səbəbkarı isə Serdar Tatlıdır. Nihat Özdemir namuslu bir insandırsa, ki, buna şübhəm yoxdur, Serdar Tatlını bir dəqiqə də o kresloda saxlamaz. Tam yarısı hakimlikdə olmaqla 40 ilim yaşıl meydanlarda keçib, bu günə qədər heç bir oyunda belə qərarlar görməmişdim".