Türkiyə Superliqasında 19 may 2024-cü il tarixində keçirilən “Qalatasaray” – “Fənərbağça” derbisindən sonra baş verən insidentlərlə bağlı açılmış cinayət işi üzrə məhkəmə yekun qərarını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, İstanbul 3-cü Asliye Cəza Məhkəməsində baxılan işdə “Fənərbağça”nın futbolçuları Ceyden Kuinn Oostervolde və Mert Hakan Yandaşın da daxil olduğu ümumilikdə 5 təqsirləndirilən şəxs mühakimə olunub. Məhkəmədə başqa cinayət işi üzrə həbsdə olan Mert Hakan Yandaş onlayn formada iştirak edib. Zərərçəkən Ali Çelikkıran və tərəflərin vəkilləri də məhkəmədə yer alıblar.

Məhkəmə zamanı Yandaşın vəkili Mert Öcel “Qalatasaray” İdarə Heyətinin üzvü Timur Kubanın zalda foto çəkdiyini iddia edib. Hakim Kubanın telefonunun müsadirə edilərək zaldan çıxarılmasına və onun barəsində ayrıca cinayət işi başlanmasına qərar verib.

Zərərçəkən Ali Çelikkıran şikayətinin davam etdiyini bildirərək, təqsirləndirilən şəxslərin cəzalandırılmasını tələb edib. Mert Hakan Yandaş isə hadisənin Çelikkıranın klub həkimlərinə və bayraqlara toxunmasından sonra baş verdiyini iddia edərək, Türkiyə və “Fənərbağça” bayrağının onun üçün şərəf məsələsi olduğunu deyib və özünü təqsirsiz hesab edib.

Məhkəmə yekun qərarla 5 təqsirləndirilən şəxsi “haqsız təhrik altında, birgə şəkildə sümük sınığına səbəb olacaq dərəcədə xəsarət yetirmə” maddəsi ilə 1 il 4 ay 11 gün müddətinə azadlıqdan məhrum edib. Eyni zamanda, bütün günahkarlar barəsində hökmün açıqlanmasının saxlanılması (HAGB) qərarı verilib.

Qeyd edək ki, istintaq materiallarında stadion müdiri Ali Çelikkıranın boyun fəqərəsində (C5) sınıq aşkarlandığı, xəsarətin həyati təhlükə yaratmasa da, orta dərəcəli təsirə malik olduğu bildirilib. İddianamədə təqsirləndirilən şəxslərin hadisə zamanı fikir və əməl birliyi içində hərəkət edərək Çelikkıranı yumruq və təpiklə döydükləri qeyd olunmuşdu.