"Barselona"nın qadın futbol komandasının ulduzu Aleksiya Putelyas bu yay müqaviləsi başa çatdıqdan sonra Kataloniya klubunu tərk edəcək. 

Offsideplus.az xəbər verir ki, klubdan verilən bəyanatda 14 il əsas komandada çıxış edən əbədi kapitanın "Barsa" karyerasına nöqtə qoyacağı bildirilib.

"Qızıl top"un ikiqat qalibi olan 32 yaşlı futbolçu şənbə günü "Lion"u məğlub edərək Çempionlar Liqasını qazanan və mövsümü 4 titulla tamamlayan heyətdə yer alıb.

Ayrılıq qərarı barədə danışan Putelyas hər şeyi ən zirvədə, enerjisi 100 faiz ikən bitirmək istədiyini və bunun mükəmməl bir hekayə olduğunu vurğulayıb.