19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Həbib Ağayev AFFA-nın mətbuat xidmətinə açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, o, Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan təlim-məşq toplanışı barədə danışıb.
U-19 yığmasının baş məşqçisi komandanın son hazırlıq prosesini yüksək qiymətləndirib. Çalışdırıcı bildirib ki, Özbəkistanın daha yaşlı (U-20) seçməsi ilə baş tutan iki yoxlama matçı oyunçuların beynəlxalq arenada təcrübə toplaması üçün əla fürsət olub. Toplanışın ümumi gedişatından məmnunluğunu ifadə edən mütəxəssis, futbolçuların həm çıxışını, həm də işə yanaşmasını müsbət xarakterizə edib.
Qeydə alınan nəticələrə (3:2, 0:4) gəlincə, baş məşqçi ilk oyunda komandanın əzmkar mübarizəsini xüsusi qeyd edib: "Bir nəfər azlıqda qalsaq belə, qızlar iradə nümayiş etdirərək qalib gəldilər. Bu, kollektiv ruhun gücünü göstərir". İkinci qarşılaşmadakı məğlubiyyəti isə yorğunluq və heyətdəki məhdud dəyişiklik imkanları ilə əlaqələndirən çalışdırıcı, bu cür sınaqların gələcək inkişaf üçün vacib dərslər olduğunu vurğulayıb.



