Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının pley-off mərhələsinin püşkünü dəyərləndirib.

Offsideplus.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis Portuqaliyanın ən çətin rəqib olduğunu qeyd edib:

“Potensial rəqiblərin hamısı yaxşı idi. Ancaq aralarında ən güclüsü bizə düşdü. Pley-offda zəif rəqib olmur. Portuqaliya yığması barədə geniş danışmağa ehtiyac yoxdur. Onların gücləri hər kəsə bəllidir”.

Əsgərov Portuqaliya yığmasına qarşı layiqli mübarizə aparacaqlarını deyib: 

“Boş yerə bu mərhələdə olmadığımızı rəqibə göstərməliyik. Komanda olaraq üzərimizə düşəni artıqlaması ilə etməyə çalışacağıq. Oyunlar oktyabrda keçiriləcəyi üçün hələ vaxtımız var. Maksimum dərəcədə yaxşı hazırlaşacağıq. İnanıram ki, ölkəmizə, millimizə yaraşan oyun nümayiş etdirəcəyik. Son iki ildə bu yerlərə qədər gəlib çıxmağımız sevindirici haldır. Yaddaqalan oyunlar göstərmək istəyirik”.

Baş məşqçi ikinci pley-off mərhələsindəki potensial rəqibləri də dəyərləndirib:

“Məncə, mümkün rəqiblərin duelində Çexiya qalib gələcək. Onlar Avropa çempionatının seçmə mərhələsinin A Liqasında çıxış ediblər. Həmin liqadan gələn komandalar yüksək keyfiyyətə malikdirlər”.

Qeyd edək ki, A millimiz Portuqaliya yığması ilə ilk oyununu oktyabrın 23-də evdə, cavab görüşünü oktyabrın 29-da səfərdə keçirəcək. Azərbaycan – Portuqaliya və Belarus - Çexiya cütlərinin qaliblərinin qarşılaşmaları isə noyabrın 27-də və dekabrın 3-də olacaq.