Çempionlar Liqasında "Leyptsiq"i məğlub edən "Liverpul", Premyer Liqada "Everton"la matçda 0:2 uduzdu.

Offsideplus.az xəbər verir ki, məğlubiyyətdən sonra "qırmızılar" Ozan Kabakı tənqid edirdi, lakin hazırda komandanın digər üzvü hədəfdədir.

Belə ki, Roberto Firmino "Everton"un futbolçusu Riçarlisonun "instaqram"da paylaşdığı qol videosunu bəyənib. 22 ildən sonra "Anfild"də derbi qarşılaşmasında məğlub olan "Liverpul"un azarkeşləri bu hərəkətə biganə qala bilməyib. Bəzi tərəfdarlar braziliyalını tənqid edərkən, bəziləri də təhdid mesajları yollayıb.

Xatırladaq ki, uzun müddətdən sonra "Everton"a uduzan "Liverpul"un məğlubiyyətinin səbəbi Ozan Kabakda görülüb. Belə ki, türkiyəli gənc oyunda ən aşağı göstəricidə performans  ortaya qoyub.

Qeyd edək ki, Kabak ötən həftə Çempionlar Liqasında "Leyptsiq"lə qarşılaşmanın ən yaxşısı seçilmiş və həftənin komandasına girə bilmişdi.