Bir neçə gün əvvəl Qarabağ Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyev Nigeriyaya səfər edib və 8 futbolçunun gələcəkdə Azərbaycana dəvət olunması ilə bağlı ilkin müzakirələr aparıb. 

 A.Hacıyev Offsideplus.az-a açıqlamasında əvvəlcə səfər barədə təəssüratlarını bölüşüb:

"Təklif qarşı tərəfdən gəlmişdi, biz bunu müsbət qarşıladıq. Dəvətin əsas məqsədi bizimlə görüşüb "Qarabağ" futbol akademiyası haqda ümumi məlumat toplamaq, əsas komandanın son illərdə əldə etdiyi uğurlar barədə informasiyalar əldə etmək idi.

Məşqçilərlə də görüşlərimiz oldu, turnirləri də izlədik. Seleksiyalar apardıq və ümumi olaraq maraqlı keçdi. 14 komandanı və 400-ə yaxın futbolçunu izlədim, onlardan 26 nəfəri seçdik. Həmin futbolçulardan ibarət matç təşkil etdik və 7-8 futbolçunu bəyəndim. Yaşları 17, 18 və 19-dur. Yaxın vaxtlarda onları Bakıya dəvət edə bilərik. FİFA qaydalarına əsasən 18 yaşadək futbolçuları gətirmək biraz çətin olur, 19 yaşlıları isə gələcəkdə cəlb etmə ehtimalı böyükdür. Əgər bizim üçün alınmasa, digər komandalara, I Liqa və ya aşağı liqalara təklif edə bilərik". 

Aftandil Hacıyev gələcəkdə başqa ölkələrlə də əməkdaşlıqların qurulacağını qeyd edib:

"Əlbəttə, getdiyimiz yerlərdə münasibətimiz yaranır. Nigeriyada artıq bir neçə akademiya ilə əlaqəmiz var. Digər ölkələrdə mümkündür, istər Afrika, istərsə də Avropa ölkələri planlarımızda yer alıb. Hazırda İspaniyadan "Levante" klubu ilə danışıqlar gedir. Gələcəkdə bu cür əlaqələrimizi daha da genişləndirmək istəyirik".