“Klubda az şans qazanmağımla bağlı fikirlərimi rəhbərliyə bildirmişəm”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında Albaniyanın “Eqnatiya” klubunda çıxış edən Zamiq Əliyev deyib.
Komandasın dünən “Dinamo”ya qarşı keçirdiyi oyunda adı iştirak ərizəsinə daxil edilməyən 24 yaşlı futbolçu narahatlığını dilə gətirib:
“Hazırda 3-4 klubla danışıqlarım gedir. Yəqin ki, iki-üç günə ya klubdan ayrılacağam, ya da icarə əsasında 6 aylıq hansısa kluba keçəcəyəm. Ölkə klublarından təkliflər var. Ancaq Azərbaycana dönmək fikrim yoxdur”.
Qeyd edək ki, Zamiq Əliyev Albaniya klubunda 2024-cü ilin yayından etibarən forma geyinir. Müdafiəçinin “Eqnatiya” ilə 3 illik müqaviləsi var. O, indiyə qədər bu komandanın heyətində 56 oyun çıxıb, 1 qol vurub. Əliyev “Eqnatiya” ilə ötən il Albaniya çempionu olub.



