“Ümumilikdə götürəndə mövsümün maraqlı keçdiyini demək olar”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında AFFA-nın Texniki departamentin Skautlar şöbəsinin rəisi, veteran futbolçu Bəxtiyar Musayev deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasında başa çatan birinci dövrə haqqında fikirlərini bölüşüb: “Bəzi oyunlarda tempin aşağı olması açıq-aşkar hiss olunurdu. Ancaq maraqlı qarşılaşmaların da sayı kifayət qədər idi.Üstəlik, turnir cədvəlində həm yuxarı, həm də aşağı pillələrdə gərgin mübarizənin şahidi olduq.
“Karvan Yevlax”bu il güclülər dəstəsinə vəsiqə qazandı və onlardan böyük gözləntilər yox idi. Güclü heyət toplaya bilmədilər və bu, təbii qarşılanmalıdır. “Kəpəz” isə pis mənada təəccübləndirdi. Mövsümün əvvəlində daha aktiv görünürdülər. Deyilənə görə büdcələri də normal idi. Lakin çempionata çox bərbad start verdilər. Sonradan bir qədər toparlanmaq istəsələr də, ümumilikdə komandanın çıxışını yaxşı qiymətləndirmək olmaz.
“İmişli” komandası isə yaxşı mənada təəccübləndirdi. Maraqlı oyunlar keçirdilər, bəzən liderlərlə başa-baş mübarizə apardılar və kifayət qədər xal topladılar. Normal məşqçi işi və komandaya məxsus oyun üslubu açıq-aydın görünürdü”.
Musayev “Sabah”ın qış çempionluğunun gözlənilməz olduğunu qeyd edib:
“Yuxarı pillələrdə qərarlaşan komandalardan xüsusilə “Sabah” çox yaxşı çıxış etdi. Ardıcıl qələbələrlə yanaşı, maraqlı və stabil oyun nümayiş etdirdilər. “Qarabağ”dan isə hər zaman sabit oyun görməyə öyrəşmişik. Bu il Çempionlar Liqasındakı ağır qrafik komandanın çempionata tam köklənməsinə bir qədər mane oldu. Sevindirici haldır ki, Çempionlar Liqasında çox yaxşı oyunlar keçirdilər. Çempionatda isə onları alışmadığımız yerlərdə gördük. Düşünürəm ki, “Qarabağ” bundan sonra daha da güclənəcək.
“Zirə” və “Turan Tovuz” əvvəlki mövsümdə hansı oyun üslubu ilə çıxış edirdilərsə, bu il də həmin üsluba sadiq qaldılar. Açığı, hər iki komandanın “Qarabağ” və “Sabah”la çempionluq mübarizəsi aparacaq gücdə olmadığını düşünürəm. Bu səbəbdən də olduqları mövqelərdə qərarlaşdılar.
“Neftçi”nin isə mövsümün əvvəlində çempionluq uğrunda mübarizəyə qoşulacağı gözlənilirdi. Çünki rəhbərlik klub üçün hər cür şərait yaratmışdı. Təəssüflər olsun ki, gözləniləndən xeyli aşağı performans göstərdilər. Ümid edirəm ki, ikinci dövrədə komanda toparlanacaq”.
Qeyd edək ki, 17-ci turun matçları yanvarın 23-də start götürəcək və 2 gün davam edəcək.



