“Ümumilikdə 13 ildir ki, güləş idman növü üzrə hakimlik edirəm”.
Bunu Offsideplus.az saytına açıqlamasında güləş hakimi Bəşir İsazadə bildirib.
Mütəxəssis güləşdə ən yüksək dərəcə hesab olunan I-S kateqoriyasına yüksəlməsi ilə bağlı fikirlərini bölüşüb:
“10 ildir beynəlxalq dərəcəli hakim kimi ölkəmi təmsil edirəm. Hakimliyə başlayarkən əsas hədəfim görüşləri ədalətli şəkildə idarə etmək idi. Düzünü desəm, olimpiya kateqoriyasının mövcudluğundan belə xəbərim yox idi. Hakimliyə başladıqdan qısa müddət sonra olimpiya kateqoriyalı hakim olmaq mənim arzuma çevrildi. Şükürlər olsun ki, federasiyamızın və Hakimlər Kollegiyasının dəstəyi ilə bu sahədə inkişaf edərək, püxtələşərək hədəfimə çatdım”.
Bəşir İsazadə Los-Anceles Olimpiya Oyunlarında iştirak imkanını da dəyərləndirib:
“Bütün olimpiya kateqoriyalı hakimlər kimi bizim də Olimpiya Oyunlarında iştirakımız 50 faiz ehtimalla qiymətləndirilir. Rəqabətin ən yüksək olduğu bu kateqoriyada, inşallah, bizə ölkəmizi təmsil etmək nəsib olar. Çalışırıq və ümidliyik. İdmançılar kimi hakimlərin də ən böyük xəyalı Olimpiya Oyunlarında öz ölkələrini təmsil etməkdir. Mənim üçün də bu, ən böyük arzu olaraq qalır”.
Xatırladaq ki, I-S kateqoriyasına sahib olan hakimlər bütün yarışlarda, o cümlədən Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanırlar.



