“Meydana qələbə üçün çıxmışdıq”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında “Sumqayıt”ın kapitanı Səbuhi Abdullazadə deyib.

Yarımmüdafiəçi “Sabah”a 1:3 hesabı ilə məğlub olduqları ilin son oyunu haqqında fikirlərini bölüşüb: “Təəssüflər olsun ki, məğlub olduq. Yəqin ki, əzmkarlıq çatmadı. Heç kim məğlub olmaq üçün meydana çıxmır. Ancaq bu futboldur: həm udmaq var, həm uduzmaq”.

Abdullazadə “Sabah”ın bir oyun öncə “Qarabağ” üzərində qələbəsinin komandasında motivasiya düşkünlüyü yaratmadığını deyib: “Bu, bizdə hər hansı psixoloji təzyiq yaratmamışdı. Çünki biz “Sumqayıt”da “Qarabağ”a qarşı çox yaxşı oynamışdıq. Ümumiyyətlə, heç bir komandadan çəkinmirik. Hər oyuna qələbə üçün çıxırıq. Turnir cədvəlində də hazırkı mövqeyimiz yaxşıdır. Lakin bəzi oyunlarda çatışmayan məqamlar olur. Fikrimcə, sözügedən boşluqları da qış təlim-məşq toplanışında aradan qaldıracağıq”.

Qeyd edək ki, “Sumqayıt” ilin son matçında “Sabah”a 1:3 hesabı ilə məğlub olub. “Gənclik şəhəri” təmsilçisi hazırda 27 xalla turnir cədvəlinin beşincisidir.