“İndi daha görkəmli futbol nümayiş etdiririk”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında “Qarabağ”ın sabiq kapitanı Maksim Medvedev deyib.
O, “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Çelsi”yə qarşı keçirəcəyi matçla bağlı fikirlərini bölüşüb:
“Çelsi” rəqib olaraq yaxşı, səviyyəli, möhkəm komandadır. Nə cür oyunçularının olduğunu çox yaxşı bilirik. İndi qismət belə oldu ki, “Qarabağ” təkrar bu komanda ilə qarşılaşır. İlk oyunu xatırlayanda səviyyə fərqini aydın şəkildə görə bilirik. Ancaq o heyətlə bu heyəti müqayisə etsək, indi daha yaxşı olduğumuzu düşünürəm. Təzyiq altında oynamağı öyrənmişik, matçın gedişində sürəti də tənzimləyə bilirik. Bir sözlə, indi durumumuz daha yaxşıdır. Biz də oyunu səbirsizliklə gözləyirik”.
“Qarabağ”ın 21 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi olan Medvedev təmsilçimizin “Çelsi”yə qarşı inamlı oyun nümayiş etdirəcəyini düşünür:
“Çox istərdim ki, “Qarabağ” bu gün ən yaxşı oyununu oynasın. Son nəticələr bunun üçün bizə ümid verir. Fikrimcə, məşqçilər heyəti rəqibi yetəri qədər analiz edib, qalıb bunu meydanda icra etmək. Çünki belə danışanda rahat gəlir, ancaq icra məsələsi bir qədər çətindir. Bu gün futbolçularımıza Allah güc, qüvvət, səbr versin. Potensialı 100 faiz ortaya qoymaq lazımdır. Azarkeşlər də bizim yanımızdadır. Ona görə də inanıram ki, “Qarabağ” bu gün yaxşı çıxış edəcək”.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də start götürəcək.



